Avropa İttifaqı ilə viza rejiminin liderallaşdırılması Ermənistanın boşalmasına səbəb olacaq - ŞƏRH


İyulun 22-də Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq məsələsini müzakirə edəcək. Bu barədə Ermənistan parlamentinin Avropa İttifaqına İnteqrasiya Komissiyasının sədri Arman Yeqoyan şəxsi feysbuk hesabında yazıb.

Yeqoyan qeyd edib ki, Avropa İttifaqı təkcə viza rejiminin liberallaşdırılması ilə bağlı deyil, həm də Ermənistanın Avropa Sülh Fondundan (APF) yardım almasına dair qərar qəbul edəcək.

“Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq, həmçinin Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım göstərmək məsələləri iyulun 22-də Avropa İttifaqı Şurasının (Nazirlər Şurasının) gündəliyinə daxil edilib”.

Mövzu ilə bağlı KONRET.az-ın suallarını cavablayan politoloq Tural İsmayılov bildirib ki, viza rejiminin liberallaşdırılması bütövlükdə Ermənistanın Qərb strukturları tərəfindən ələ alınması deməkdir.

“Çox aydın şəkildə görünür ki, Ermənistanda anti-Rusiya ritorikasını və ab-havasını dərinləşdirmək üçün bütün vasitələrdən istifadə edilir. Avropanın əvvəlcə müşahidəçi qismində Ermənistanda təmsil olunması, onun arxasınca Qərb strukturlarını və Qərbin müxtəlif kəşfiyyat sxemlərinin aydın formada Ermənistan ərazilərində mövcudluğu, həmçinin ABŞ-nin Ermənistanla əməkdaşlığı dərinləşdirməsi, ortaq hərbi təlimlər keçirməsi, bunun arxasınca isə viza liberallaşdırılması mövzusunun gündəmə gətirilməsi Qərbin Ermənistanı tam olaraq nəzarətə almağa çalışdığını göstərir. Unutmamalıyıq ki, bu gün Ermənistan hakimiyyəti ilə Rusiya arasında ciddi konfliktlər olsa da, Ermənistan hələ də Avrasiya İqtisadi İtifaqının, KTMT-nin üzvüdür. Ona görə də, Avropa müxtəlif vasitələrlə çalışır ki, Ermənistanda öz nüfuzunu gücləndirsin və Ermənistandan açıq formada Rusiyaya qarşı istifadə edə bilsin”.

Onun sözlərinə görə, viza liberallaşdırılması təkcə Avropaya ucuz işçi qüvvəsinin cəlbinə səbəb olmayacaq, eyni zamanda bütövlükdə Ermənistanda artan miqrasiyaya da mənfi təsir göstərəcək:

“Viza liberallaşdırılması təkcə ucuz işçi qüvvəsinin cəlbinə səbəb olmayacaq, eyni zamanda bütövlükdə Ermənistanda artan miqrasiyaya da təsir edəcək. Ermənistanın ümumi mənzərəsi üçün neqativ tendensiyaların başında ölkəni daimi tərk edənlərin statistikasındakı artım gəlir. Bundan sonra isə daimi tərketmə sayında daha böyük rəqəmlər qeydə alınacaq. Bu sazişdən sonra Ermənistanı birdəfəlik tərk edənlərin sayı daha da artacaq”.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bu, Avropanın Cənubi Qafqaz siyasətindəki prioritet siyasətinin davamıdır:

“Avropa İttifaqının Ermənistanla vizanı liberallaşdırmasını Aİ-nin Şərq tərəfdaşlığı siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Bu, Cənubi Qafqaz siyasətində müəyyən bir prioritet siyasətin davamıdır. Ermənistanda Nikol Paşinyanın Rusiyanı Ermənistandan tamamilə sıxışdırılıb çıxarılması istiqamətində atdığı addımlar Aİ-nin belə qərar verməsinə gətirib çıxarır”.

Onun sözlərinə görə, bu addım Ermənistanın ictimai dairələrində Avropaya rəğbətin formalaşması, həmçinin, Rusyanın tamamilə Ermənistanda nüfüzunun zəiflədilməsinə hesablanb:

“Bu heç də Ermənistanın inkişafına gətirib çıxarmayacaq. Ermənistan iqtisadiyyatında sosial problemlərin olduğunu nəzərə alsaq, bu demoqrafiyanın daha da tənəzzülə uğramasına və miqrasiyanın artmasına səbəb olacaq. İşsiz qalan Ermənistan vətəndaşları oranı tərk edəcək. Aİ-nin siyasəti ondan ibarətdir ki, Rusiyanı regiondan çıxarsın. İkincisi məqsəd isə Cənubi Qafqazda strateji mövqelərini gücləndirməkdir”.

Qeyd edək ki, aprelin 25-də Avropa Parlamenti səs çoxluğu ilə Avropa Komissiyasına “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanunun “Gürcüstanla vizasız sazişin meyarlarına uyğunluğunu yoxlamağı” tövsiyə edən qətnamə qəbul edib.

Şengen ölkələri ilə Gürcüstan arasında vizasız rejim haqqında saziş 2017-ci ilin yazında qüvvəyə minib. O vaxtdan bəri müxtəlif mənbələrə görə, 200 mindən 300 minədək Gürcüstan vətəndaşı iş axtarmaq üçün daimi yaşamaq üçün Aİ-yə köçüb.


MANŞET XƏBƏRLƏRİ