Qərb Ukraynaya verdiyi pulları geri İSTƏYİR – Zelenskinin cəmi 20 gün vaxtı QALDI


Ukrayna üçün yolun sonu göründü. Çox güman ki, avqustun 1-də Ukrayna öz iqtisadiyyatını defolt elan edəcək. Çünki, rəsmi Kiyevə Qərbdən vəd edilən dəstək gəlmədi.

Qeyd edək ki, Ukraynanın ümumi borcları 6 trilyon 115 milyard 263,5 milyon qrivnaya çatıb. Bu isə ölkənin defolt vəziyyətə gəlməsini göstərir. Bunun çox hissəsi xarici borclardır. Məsələ ilə bağlı bir müddət əvvəl mətbuata danışan Ukraynalı nazir Sergey Marçenko bildirib ki, defoltdan qaçmaq üçün təxminən 20 milyard dollarlıq xarici borcun ən azı bir hissəsini bağlamaq lazımdır:

Ukrayna borc içində “üzür”

“Bu problemin həlli üçünsə Ukraynanın çox az vaxtı qalıb”.

Rəsmi Kiyev Ukraynanın beynəlxalq borcun restrukturizasiyası ilə bağlı kreditorlarla razılığa gələ bilmir. Avropa Komissiyasının (AK) rəsmisi Erik Mamer Ukraynanın potensial defoltu ilə bağlı suala cavab olaraq, Brüsselin bununla bağlı konkret açıqlaması olmadığını deyib:

“Düşünürəm ki, bizim bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verəcək bir şeyimiz yoxdur”.

Nəzərə alaq ki, artıq Avropa mətbuatı Ukraynada defoltun qaçılmaz olduğunu yazır. Məsələn, İyulun 7-də Britaniyanın "Telegraph" nəşri Ukraynanın avqustda defolt edə biləcəyini və bunun Kiyev üçün fəlakət olacağını yazıb.

Məqalənin müəllifi Ben Marlounun sözlərinə görə, Qərb maliyyə institutları tərəfindən verilən kreditlər üzrə faiz ödənişlərinə iki illik moratorium gələn ayın əvvəlində başa çatdığından Ukrayna rəhbərliyi indi kreditorlarla razılığa gəlməyin yollarını axtarır.

Materialda deyilirdi ki, müqavilə son tarixdən əvvəl bağlana bilməzsə, nəticələr fəlakətli ola bilər.

Ukraynanın dondurulmuş aktivlərindən gəliri var?

Halbuki, Aİ uzun zamandır ki, Ukraynanın xarici borclarına çözüm tapacağını deyirdi. Sonuncu dəfə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclası zamanı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel demişdi ki, Ukrayna 1-7 iyul tarixlərində Rusiyanın dondurulmuş aktivlərindən gözlənilməz gəlirdən 2,5 milyard avro alacaq:

“Bizim dondurulmuş aktivlərdən gəlirimiz var və biz hər hansı bloklamadan qaçaraq onlardan istifadənin yollarını axtarmalıyıq (Aİ üzv dövlətləri tərəfindən - red.). Bunu tez bir zamanda etmək üçün bir prosesimiz var. İlk pul tranşı gələn həftə, iyulda gələcək. İkincisi bir ay sonra… Bu puldan istifadə etmək lazımdır. Hər hansı bir maneənin qarşısını almaq üçün qanuni prosedurumuz var".

Lakin, Borrelin elan etdiyi dövr başa çatıb və Aİ-nin ilkin mərhələdə vəd elədiyi 2,5 milyard avro ünvanına çatmayıb.

Göründüyü kimi Qərb sözdə Ukraynaya hər cür dəstək göstərdiyini desə də, reallıq ondan ibarətdir ki, ortada heç nə yoxdur. Üstəlik, Qərb son zamanlar Ukraynaya verdiyi kreditlərin bir hissəsinin geri ödənilməsini tələb edir. Necə deyərlər:

Keçi can hayındadır, qəssab piy axtarır…

Ukrayna çökür. Onu bu bəlaya sövq edən Qərbsə rəsmi Kiyevdən verdiyi hər quruşunun hesabını sorur. Anlaşılan odur ki, Qərb Ukraynaya heç nə verməyəcək. Əksinə Ukraynanın adından istifadə edərək Rusiyanın Avropadakı aktivlərindən gələn faizləri mənimsəyəcəklər. Nəzərə alaq ki, ABŞ bu addımı çoxdan artıb. Rusiyanın bu ölkədə olan aktivlərindən gələn faizlər yerli hökümətin nəfinə özkününküləşdiriləcək.

Aİ ABŞ-ın yolu ilə gedir

Nəzərə alaq ki, ötən ay istiqraz sahibləri komitəsi Ukraynanın G7-nin təsdiq etdiyi ümumi borc xərclərini 60% azaltmaq və illik kupon ödənişlərini azaltmaq təklifini rədd etdi. Üstəlik, onlar Ukraynanı öz kapitallarını ölkədən geri çəkməklə hədələyirlər.

Bu isə o demək idi ki, Ukrayna BVF-nin 15,6 milyard dollar maliyyələşdirilməsi üçün lazım olan borcun azaldılması hədəflərini əldən verdi.

Ukraynanın iki variantı var

Ya suveren kreditorlar borclarının restrukturizasiya edərək 2027-ci ilə qədər ödənişlərin dayandırılması üçün lobbiçilik etməlidirlər, ya da çıxış yolu görməyən Ukrayna defolt elan etməlidir.

İlk variant ağlabatan olsa da, müəyyən risklər var. Çünki ödənişlərin gecikdirilməsi Ukrayna üçün potensial xərcləri artıracaq. Bundan əlavə, faizlər artacaq və ödənişlərin həcmi ilə bağlı danışıqların təxirə salınması çoxtərəfli və ikitərəfli kreditorların narahatlığını azaltmayacaq.

Ancaq defolt da çıxış yolu deyil. Belə olacağı təqdirdə bütün kateqoriyalardan olan kreditorlar narazı qalacaq və gələcək maliyyələşdirmə təhlükə altına düşəcək. Bu variantsa Ukraynanın hərtərəfli sonunu gətirəcək. /bizim.media/az/


MANŞET XƏBƏRLƏRİ