“Pezeşkiandan başqası seçilsə idi, vəziyyət bundan da pis olacaqdı”


Xəbər verdiyimiz kimi, Məsud Pezeşkian səslərin yüzdə 53.6 qazanaraq İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib. . Bununla da, Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib. Bəs bundan sonra İranı nə gözləyir?

Məsələ ilə bağlı Yenisabah.az-a İranın Azərbaycandakı sabiq səfiri, politoloq Əfşar Süleymani danışıb. Onun sözlərinə görə, bu seçki İran üçün dönüş nöqtəsi ola bilər:

“Seçkilər problemlərə baxmayaraq, İran İslam Respublikasında dönüş nöqtəsi ola bilər. Baxmayaraq ki, zaman az idi, amma biz Məsud Pezeşkianı dəstəklədik. İranın daxili durumu ilə əlaqədar ona səs verən də az idi, amma buna rəğmən nəticə yaxşı və qaneedici oldu.

İnsanların, təxminən, 50%-i birinci səsvermədə iştirak etmişdi, ikincidə isə bu rəqəm 60% oldu. Biz xalqın, ölkənin taleyi üçün insanları səsverməyə səslədik, bu xalq üçün çox vacib məsələ idi, çünki rəqibləri tanıyırdıq, bu günə qədər xalq onlardan razı deyildi. İllərdir ki, irəliləmə yox idi, ölkənin durumu, əhalinin vəziyyəti ağır idi. Düşünürdük ki, həmin şəxslər prezident seçilsə, xalqın durumu yaxşı olmayacaq.

Baxmayaraq ki, Məsud Pezeşkianın qarşısında 5 rəqib var idi, onlar qalib olmaq üçün planlar qurdular, çalışdılar, amma alınmadı. Rəqiblər elə dövlətin adamları idi, bu da seçki qanununa uyğun deyildi, bütün bunlara baxmayaraq, Allah kömək etdi, insanlar da səs verdi və nəticədə Məsud Pezeşkian qalib oldu. Bu, yaxşı nəticədir və insanlarda az da olsa, ümid yaratdı”.

Əfşar Süleymani qeyd edib ki, bundan sonra Məsud Pezeşkianı çətin günlər gözləyir:

“Məsud Pezeşkianın qarşısında çətin günlər dayanır, bunu özü də bilir, çünki uzun illər nazir, millət vəkili və başqa vəzifələrdə çalışıb, durumdan xəbərdardır. O, bilir ki, vəziyyət çətindir və bunları həll etməlidir.

Biz onsuz da gözləmirik ki, bütün problemlər 5 gündə, 1 ildə həll olunsun. Cənab Pezeşkian da söz verib və açıqlayıb ki, mən mütəxəssislərlə, texnokrat insanlarla işləyəcəyəm. Onlar bizi bu durumdan qurtarmaq üçün çalışacaqlar. Hazırda sanksiya, beynəlxalq aləmlərlə problemlər var. Bizim üçün çox sayda yeniliklər edilməlidir.

Hər halda, Məsud Pezeşkiandan başqası seçilsə idi, vəziyyət bundan da pis olacaqdı. Biz hesab edirik ki, cənab Pezeşkianla vəziyyət yaxşılığa doğru gedəcək. Bunu isə zaman göstərəcək.

Yalnız və yalnız irəli getmək lazımdır, hər şey ardıcıl olmalıdır, tələsmək lazım deyil. Hər halda, bu seçki bizim üçün çox önəmli məsələ idi və indiki durumda nəticə də ürəkaçandır. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Məsud Pezeşkian da söz verib ki, millətin yanında olacaq. Biz də demişik ki, sən nə qədər millətləsənsə, biz də səninləyik, arxandayıq! İnşallah, xalqın himayəsi ilə irəli də gedəcək”.


MANŞET XƏBƏRLƏRİ