Ərəb Liqası: "Hizbullahı terror təşkilatı kimi təsnif etmirik"


Ərəb Liqasının baş katibinin müavini Husam Zəki bəyan edib ki, Ərəb Liqası “artıq Livan Hizbullahını terror təşkilatı kimi təsnif etmir”.

Turkustan.az xəbər verir ki, baş katibin müavini Zeki Beyrut səfərindən sonra Misirin Əl-Qahirə Əl-İxbariyyə televiziyasına açıqlama verib.

Ərəb Liqasının əvvəlki qərarlarında “Hizbullahın terrorçu kimi tərif edilməsinə” diqqət çəkən Zeki, bu qərarlar əsasında Hizbullah ilə əlaqənin kəsildiyini xatırladıb.

“Ərəb Liqasına üzv dövlətlərin Hizbullahı terror təşkilatı adlandırmamaq üçün razılaşdıqlarını” ifadə edən Zeki, yeni qərarın Ərəb Liqası və Hizbullahın ünsiyyət qurmasına yol açdığını bildirib.

Zeki qeyd edib ki, “Ərəb Liqası artıq Hizbullahı terror təşkilatı kimi təsnif etmir”.

Martın 2-də Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) qəbul etdiyi qərardan sonra Ərəb Liqası 2016-cı il martın 11-də Hizbullahı “terror təşkilatı” kimi təsnif edib və “ekstremizm və məzhəbçiliyi yaydığını” açıqlayıb.

Dünən Livan mətbuatında çıxan xəbərə görə, Ərəb Liqası baş katibinin müavini Zeki Beyruta səfəri zamanı Hizbullaha bağlı “Müqavimətə Sadiqlik” blokunun lideri, millət vəkili Məhəmməd Raad ilə görüşüb. Bu görüş Ərəb Liqası ilə Hizbullah arasında 10 ildən artıq müddətdə ilk təmas kimi qeydə alınıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ