Husilər: "Aralıq dənizi və Qırmızı dənizlərdə biri ABŞ-a məxsus 4 gəmini vurduq"


Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Aralıq dənizində biri ABŞ-a məxsus 4 gəmini vurduqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada İsrailin Hayfa limanına gedən Waler adlı neft gəmisini Aralıq dənizində pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldıqlarını bildirib.

Sözügedən “əməliyyatın” İraq İslami Müqaviməti ilə birgə həyata keçirildiyini qeyd edən Seri, gəminin “işğal altındakı Fələstin limanlarına giriş qadağasını” (Husilərin elan etdiyi qadağa) pozduğu üçün vurulduğunu bildirib.

Seri sözügedən gəminin sahibi olan şirkət və ya hücum nəticəsində gəmiyə ziyan dəyib-deyilməməsi ilə bağlı açıqlama verməyib.

Seri həmçinin Aralıq dənizində qanadlı raketlə Danimarka mərkəzli Maersk şirkətinin Johannes Maersk gəmisinə uğurlu hücum həyata keçirdiklərini bildirib.

Husilərin sözçüsü Maersk şirkətinin İsrailə ən çox dəstək verən və “işğal olunmuş Fələstin limanlarına giriş qadağasını” ən çox pozan şirkətlərdən biri olduğu barədə məlumatı paylaşıb.

Loannis adlı gəminin də Qırmızı dənizdə pilotsuz dəniz vasitəsi ilə vurulduğunu qeyd edən Seri gəminin sahibi olan şirkətin adını açıqlamayıb.

Seri bildirib ki, Amerika gəmisi Delonix Qırmızı dənizdə ballistik raketlərlə vurulub.

Sözügedən hücumlarla bağlı ABŞ və İsraildən heç bir açıqlama verilməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ