Ukrayna prezidenti Volodimir Zelenski Estoniyanın baş naziri Kay Kallasın NATO təlimatçılarının guya Ukraynada olması və ukraynalı əsgərlərə təlim keçməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb:
“Mən NATO hərbçilərinin Ukrayna əsgərlərinə təlim keçdiyini görmürəm. Haradadır NATO təlimçiləri?”, – Zelenski deyib.
Ukrayna lideri qeyd edib ki, Qərb ölkələrinin tərəddüdünün əsas səbəbi açıq-aşkar şişirdilmiş nüvə eskalasiyası qorxusudur.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin özünü qorumaq hissi ilə Ukraynada nüvə silahından istifadə etməkdən çəkinəcək.
“O, məntiqsiz ola bilər, amma canını sevir”, – deyə Zelenski bildirib.
Ukrayna prezidenti Qərbin tərəddüdünün başqa səbəbini də açıqlayıb. Zelenski hesab edir ki, bəzi ölkələr Rusiya ilə ticarət və diplomatik əlaqələri davam etdirməyə çalışır.
“Hamı qapıları bir az açıq saxlayır”, – deyə o əlavə edib. /konkret.az/