Rusiya qoşunları Ukraynanın Sumı vilayəti istiqamətində məhdud, tam komplektləşdirilməmiş, qeyri-sabit qüvvələrini cəmləşdirir. Lakin hətta bu cür qruplaşma da Ukraynanı bu sərhəd bölgəsinə əlavə qüvvə cəlb etməyə məcbur edə bilər.
Turkustan.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun son hesabatında belə deyilir.
Xarkov vilayətində fəaliyyət göstərən Ukrayna briqadasının komandirinin müavini mayın 20-də deyib ki, Rusiya qoşunları, o cümlədən çeçen döyüşçüləri Sumı istiqamətində cəmləşirlər. Ukraynalı hərbi analitik Konstantin Maşovets bildirib ki, Sumı ilə həmsərhəd Kursk vilayətindəki rus qruplaşmasının sayı 9-10 min nəfərdir.
ISW hesab edir ki, hətta bu say belə Rusiyanın hücum əməliyyatları ərəfəsində Ukrayna qüvvələrinin sərhəd boyunca uzun əraziyə yayılmasına səbəb ola bilər.
Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenkonun sözlərinə görə, Rusiya qoşunlarının Sumı vilayətinə hücumu istisna edilməməlidir: “Bu, heç vaxt istisna oluna bilməz. Düşmən istənilən an, kifayət qədər qüvvəsi olmasa da, indi Xarkov istiqamətində olana bənzər bir şey etməyə cəhd edə bilər”.
Demçenko qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələrinin hər bir komponentinin Sumı istiqamətində öz məsuliyyət sahəsi var. Onların hamısı ahəngdar hərəkət edir və bu istiqamətdə müdafiə daha da gücləndirilməlidir. /azpolitika.info/