“Ermənistan hökumətinin bu addımı Rusiya tərəfindən növbəti demarş kimi qəbul ediləcək”.
Bu fikirləri İrəvan-Moskva münasibətlərinin son dərəcə gərgin olduğu bir dönəmdə Ermənistanın Ukraynaya “Toçka-U” raketlərini göndərəcəyi ilə bağlı yayılan xəbərləri və bu addımın mümkün nəticələrini şərh edən “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, proseslərin gedişi Ermənistanın Ukrayna və Gürcüstanın taleyini yaşaya biləcəyi ehtimallarını artırır:
“Ermənistanda belə bir ənənə olmayıb. Ona görə də, bir zaman Rusiyanın, indi də Qərbin forpostu rolundadır. Dövlət maraqları olmayanda, hakimiyyət sifarişlərin icraçısına çevrilir. Eyni zamanda, onlarda erməni xislətindən doğan bir xəyanət formulunun olduğu da nəzərə alınmalıdır.
Ermənistanı Cənubi Qafqazda yoxdan var edən Rusiya bu gün onların xəyanəti ilə qarşı-qarşıyadır. Son proseslər fonunda Ermənistan KTMT-dən çıxmağa hazırlaşır. Nə qədər təkzib etməyə çalışsalar da, proseslərin gedişatı bunu təsdiqləyir.
Paşinyan Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaz regionuna yerləşməsi üçün bir öhdəlik götürüb. Təbii ki bu da Rusiyanı ciddi qıcıqlandırır. Hazırda Ermənistan-Rusiya münasibətlərinin həddən artıq gərgin olduğu ortadadır. Çünki Paşinyan Rusiyanı Fransa ilə əvəzləmək istəyir.
Rusiyanın xarici işlər naziri Lavrovun “biz heç yerə getməyəcəyik” açıqlaması isə göstərir ki, Paşinyan nə edir-etsin, Rusiyanı ölkədən sıxışdırıb çıxara bilməyəcək. Münasibətlərin bu qədər gərgin olduğu bir məqamda ABŞ-nin istəyi ilə “Toçka-U” raketlərinin Ukraynaya göndərilməsi Ermənistanı müxtəlif ssenarilərlə qarşılaşdıra bilər.
Paşinyan hökumətinin bu addımı Rusiya tərəfindən növbəti demarş kimi qəbul ediləcək. Çünki bu, açıq-aşkar Rusiyanın maraqlarının ayaq altına alınmasıdır. O halda Rusiyanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün istənilən varianta əl atacağı çox realdır.
Bununla bağlı Rusiya mediasında açıq çağırışlar da var. Müxtəlif siyasi dairələr, Dövlət Dumasının üzvləri, bloqerlər Ermənistanın bu kimi hərəkətlərinin qarşısını almaq üçün Rusiya hakimiyyətinə müxtəlif təkliflər verir, çağırışlar edirlər.
Proseslərin gedişi Ermənistanın Ukrayna və Gürcüstanın taleyini yaşaya biləcəyi ehtimallarını artırır. Ermənistanda Rusiyanın hərbi bazası var. Eyni zamanda, Rusiyanın Paşinyanı devirmək üçün kütləvi etirazları təşkil edə bilməyəcəyi təqdirdə, hərbi çevriliş variantını nəzərdən keçirməsini istisna etmək olmaz”.