Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin Ankarada yerləşən Baş Təhlükəsizlik İdarəsinə terror hücumu edilib. Hadisə zamanı iki polis yaralanıb.
Turkustan.az xəbər verir ki, Qərb ölkələri terror aktını pisləyib.
ABŞ Dövlət katibi Entoni Blinken hadisə ilə bağlı bəyanat yayıb. "Birləşmiş Ştatlar Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə bu gün törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq", - bəyanatda deyilir. Blinken əmin edib ki, Birləşmiş Ştatlar “bütün formalarda terroru rədd edir” və NATO tərəfdaşı olan Türkiyə ilə həmrəylik ifadə edir.
Almaniya kansleri Olaf Şolts Türkiyə ilə həmrəy olduğunu bildirib. "Ankaranın mərkəzində törədilən terror aktını qəti şəkildə pisləyirik. Biz türkiyəli tərəfdaşlarımızla həmrəyik", - o qeyd edib.
Fransa Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı paylaşım edib."Türkiyə ilə həmrəyik. Yaralılara və yaxınlarına tezliklə şəfa diləyirik", - paylaşımda deyilir.
Yunanıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bəyan edir və yaralananlara tezliklə şəfa tapmasını diləyirik”.
NATO Baş katibi Yens Stoltenberq Türkiyədə törədilən terror aktını pisləyib:"Bu gün Ankarada Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayıram, xidməti vəzifələrini yerinə yetirərkən yaralanan polis əməkdaşlarına tez zamanda sağalmasını diləyirəm. NATO terrorla mübarizədə Türkiyə ilə həmrəydir". /modern.az/