Türkiyə, Montrö Konvensiyasına əsasən, iyulun 1-dən etibarən ticarət gəmilərinin Qara dəniz boğazları zonasından (Bosfor və Dardanel boğazları) keçməsi üçün rüsumları 8,3% artıracaq.
Turkustan.az xəbər verir ki, bu barədə "Aydınlıq" qəzeti Türkiyənin Nəqliyyat Nazirliyi yanında Dəniz İşləri Baş İdarəsinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, yeni məbləğ 4,42 dollar təşkil edəcək.
Nəşrin məlumatına görə, bu il Türkiyənin gəmilərin boğazlardan keçməsinə görə tutulan tariflərdən əldə etdiyi gəlirlər əvvəlki illərdəki 160-170 milyon dollarla müqayisədə təxminən 900 milyon dollar təşkil edəcək.
Bosfor və Dardanel boğazlarında hərəkəti tənzimləyən Montrö Konvensiyasına əsasən, tibbi nəzarət, mayak və gəmilərin təxliyəsi xidmətləri ilə bağlı onlardan keçmək üçün ödənişlər alınır. 1936-cı ildə konvensiyanın imzalanmasından sonra rüsumların məbləği 0,8 dollara bərabər tutulan qızıl frankı əsasında hesablanır. 1983-cü ildən 2022-ci ilə qədər məbləğ dəyişməz qalıb. Ötən ilin oktyabrında rüsumların dəyəri 4,08 dollara qədər artıb.