Rusiyanın Ukraynaya qarşı müharibəsində döyüşmək üçün göndərilən 15 minə yaxın Şimali Koreya əsgərindən 600-ü həlak olub, 4100-ü isə yaralanıb.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat Xidməti bildirib.
Məlumat Milli Assambleyada keçirilən kəşfiyyat komitəsinin iclasında təqdim olunub.
Qeyd edilib ki, əsgərlər iki mərhələdə Rusiyaya göndərilib və əsasən, Kursk cəbhəsində döyüşüblər. Həlak olanların meyitləri Kurskda yandırılıb.
Kəşfiyyatın hesabatına görə, Şimali Koreya əsgərləri son 6 ayda döyüş qabiliyyətlərini artıraraq İHA və digər müasir silahlardan istifadə etməyi öyrəniblər. Rəsmi Pxenyanın gələcəkdə Rusiyaya daha çox hərbi qüvvə göndərə biləcəyi, lakin hazırda bu istiqamətdə konkret addım atılmadığı qeyd olunub.
Şimali Koreya əsgər və silah göndərmək qarşılığında Rusiyadan casus peyk buraxılış rampası, dronlar, radioelektron mübarizə sistemləri və SA-22 tipli zenit-raket kompleksləri alıb. Eyni zamanda, iki ölkə aviasiya, enerji və turizm də daxil olmaqla 14 sahədə əməkdaşlıq planlaşdırır. Ümumilikdə 15 minə yaxın Şimali Koreya vətəndaşının işçi kimi Rusiyaya göndərilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən il Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin Pxenyanda strateji tərəfdaşlıq sazişi imzalayıb. Bu görüşdən sonra hərbi əməkdaşlıq rəsmi olaraq təsdiqlənib. Şimali Koreya Rusiyaya dəstəyini "Neo-nasist Ukrayna qüvvələrinin məhv edilməsinə töhfə" kimi qələmə verib, Putin isə Şimali Koreya əsgərlərinin "qəhrəmanlığını və əzmini" yüksək qiymətləndirib.