Dünya liderlərindən Pakistan-Hindistan gərginliyinə reaksiya: Dərhal dayandırın!


Hindistanın idarə etdiyi Cammu və Kəşmirdə 26 nəfərin həyatını itirdiyi terror aktının ardından Türkiyə, Birləşmiş Millətlər (BMT) və ABŞ başda olmaqla bəzi ölkə və təşkilatlar Hindistan və Pakistanda sakitlik çağırışı edib.

Turkustan.az xəbər verir ki, dünya liderləri və beynəlxalq təşkilatlar terror aktından sonra bütün tərəfləri təmkinli olmağa çağırmaqda davam edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında: "Türkiyə olaraq bölgəmizdə və onun hüdudlarından kənarda yeni qarşıdurmaların baş verməsini istəmədiyimizi hər fürsətdə vurğulayırıq. Pakistan və Hindistan arasında artan gərginliyin daha ciddi ölçülərə keçmədən bir an əvvəl azaldılmasını arzu edirik" deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce deyib: "Biz rəsmiləri gərginliyin artmasının qarşısını alan məsuliyyətli həll yolu tapmaq üçün birlikdə işləməyə təşviq edirik. Dünya bunu izləyir".

Çinin xarici işlər naziri Vanq Yi Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darı gərginliyi azaltmağa çağırıb və regionda hər hansı münaqişənin heç bir tərəfə fayda verməyəcəyini vurğulayıb.

Vanq terror hücumu ilə bağlı istənilən "qərəzsiz və şəffaf" araşdırmada iştiraka açıq olduqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ