Hindistan-Pakistan gərginliyi davam edir - Sərhədə qoşun yığıldı


Cənubi Asiyada gərginlik pik həddə çatıb. Pakistan qoşunlarını Hindistanla sərhəddə yerləşən nəzarət xəttinə doğru hərəkət etdirir.

Turkustan.az xəbər verir ki, bu barədə Hindistanın nüfuzlu "The Economic Times" nəşri məlumat yayıb. Məlumata görə, Pakistan Silahlı Qüvvələri Sialkot bölgəsinə hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri yerləşdirib. Eyni zamanda tank və piyada bölmələri də bölgəyə doğru hərəkət etdirilir, genişmiqyaslı hərbi manevrlər həyata keçirilir.

Gərginliyin fonunda Pakistanın Baş naziri Şahbaz Şərif BMT Baş katibi Antonio Quterreşlə telefon danışığı apararaq, Hindistanın Kəşmirin Pahalqam bölgəsində baş vermiş və 26 nəfərin həyatına son qoymuş terror aktında İslamabadı ittiham etməsinə sərt reaksiya verib.

“Mən Pakistanın terrorizmin bütün formalarını pislədiyini təsdiqlədim, Hindistanın əsassız ittihamlarını rədd etdim və şəffaf, neytral araşdırma aparılmasına çağırdım”, – deyə Şərif “X” sosial platformasında yazıb.

O həmçinin BMT-ni Kəşmir probleminin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həllində daha fəal rol almağa çağırıb.

“Pakistan sülh tərəfdarıdır, lakin əgər bizə təhdid olarsa, suverenliyimizi bütün vasitələrlə qoruyacağıq”, – deyə Baş nazir əlavə edib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ