“Türkiyə hədəf alındı, sırada başqa ölkələrdir” – 26 illik olay təkrarlanır?


Bir neçə gündür, Türkiyədə süni zəlzələ törədilməsi iddiası gündəmdən düşmür. Bu baxımdan xüsusilə türkiyəli mütəxəssis İslam Memişin fikirləri diqqət çəkib. O bildirib ki, zəlzələ yeni dünya nizamı üçün keçirilən sınaqdır və digər ölkələrdə də oxşar proseslər müşahidə olunacaq. Ekspertin fikrincə, İstanbuldakı zəlzələ də, pandemiya dövründəki yaşananlar da planlaşdırılıb.

Bu fikirlərdə reallıq payı varmı? Yeni dünya nizamı üçün başqa hansı addımlar atıla bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, qeyd edilənlər ehtimal nəzəriyyələridir:

“Yəni doğruluğu elmi cəhətdən sübut edilməyib. Açığı, irəli sürülən iddialara inanmıram. Çünki zəlzələ yerin çox dərinliyində baş verən hadisədir. Ona necə müdaxilə edə bilərlər?! Bəziləri deyir ki, guya göyün atmosfer qatındakı müxtəlif təbəqələrə toxunmaqla, yerin qatındakı layları hərəkətə gətirirlər. Real deyil. Lakin insanlar ehtimallarla maraqlanırlar, ona görə də bir sıra media orqanları bunların yayılmasına çalışırlar. Bu, sırf izləyici cəlb etmək üçündür”.

heyder oguz

Heydər Oğuz

Siyasi şərhçinin sözlərinə görə, iddialar bəzən müəyyən hadisələrlə eyni vaxta düşür:

“Hətta bəzi dövlət başçıları da buna inanırlar. Məsələn, Türkiyədə Bülent Ecevitin baş nazir olduğu dövrdə Mərmərə zəlzələsi olmuşdu. Həmin vaxt da belə iddialar gündəmdə idi. Ecevit zəlzələnin ABŞ tərəfindən törədildiyini də deyirdi. Eyni tarixdə ABŞ-ın hərbi gəmisi Türkiyəyə gəlmişdi. Buna görə də alimlərə məsələni ciddi şəkildə araşdırmağı tapşırmışdı. Lakin nəticə bizə bəlli olmadı”.

Qeyd edək ki, sözügedən Mərmərə zəlzələsi 1999-cu il, 17 avqustda baş verib.


MANŞET XƏBƏRLƏRİ