Özəldən ŞOK AÇIQLAMA: İmamoğlu həbsxanadan da Ərdoğanı məğlub edə bilər


CHP sədri Özgür Özəl bu gün Romada keçiriləcək və prezident Ərdoğanın da qatılacağı İtaliya ilə Türkiyə arasında dördüncü hökumətlərarası sammit öncəsi CHP-nin İstanbul İl Başkanlığından Corriere Della Sera qəzetinə danışıb.

Turkustan.az xəbər verir ki, Özəl açıqlamasında bunları söyləyib: "Ərdoğan bu gün deyəcək ki, Türkiyədə demokratiya var, mürtəce dönüş yoxdur. Siyasətçiləri və italyan xalqını buna inandıra bilsə, o zaman Piza qülləsinin dik olduğunu inkar etmədən deyə biləcək. Əksinə, bizim ölkədə çevriliş olduğu kimi, əyildiyi də doğrudur".

İtaliyanın köklü bir demokratiya mədəniyyəti olan bir ölkə olduğunu deyən Özəl: “Əgər kimsə bu gün Roma bələdiyyə sədrini həbsxanaya atsaydı, biz o bələdiyyə sədrini dəstəkləyəcək və italyanların da demokratiyanı müdafiə etmək üçün eyni şeyi etmələrini gözləyərdik” dedi.

“Avropadan sərt reaksiyanın olmaması sizi məyus etdimi?"-deyə, soruşan italiyalı jurnalistə Özəl belə cavab verib:

"Avropanın Türkiyədə baş verən hadisələrlə bağlı dəqiq mövqe sərgiləməməsi onun fundamental dəyərlərinə ziddir. Biz inanırıq ki, İtaliya kimi ölkələr ölkəmizdəki azad seçki hüququna qarşı təhdidlər qarşısında səssiz qalmamalıdır. Demokratiya və ədaləti müdafiə etmələri, Avropa dəyərlərini müəyyən edən fundamental prinsipləri fəal şəkildə dəstəkləmələri vacibdir".

Həbs edilən İstanbul Böyükşəhər Bələdiyyə Başçısı və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu ilə Silivridə 4 dəfə görüşdüyünü və İmamoğlunun səhhətinin əla olduğunu bildirən Özəl: "Onun ciddi rejimli həbsxanada saxlanması qorxuncdur. Onu ziyarətə gedəndə hətta ayaqqabılarımı da axtarırlar" deyib.

Jurnalistin, "Həbs Tramp vəzifəyə gəldikdən bir neçə ay sonra baş verib. Sizcə Türkiyə hökuməti özünü təhlükəsiz hiss edirmi?" sualına Özəl belə cavab verib. “Biz inanırıq ki, Ərdoğan bu cür davranmazdan əvvəl Trampla danışıb”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ