Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin ölümü ilə nəticələnən partlayışı Ukrayna xüsusi xidmət orqanları təşkil edib.
Turkustan.az xəbər verir ki, bunu “Ukrainskaya pravda”ya müsahibəsində Ukrayna Ali Radasının Milli Təhlükəsizlik üzrə parlament komitəsinin katibi Roman Kostenko deyib.
"Mən təsdiqləyirəm. Bu, bizim xüsusi xidmət orqanlarının düzgün işidir. Məncə, hamı başa düşməlidir. Müharibə yaxın gələcəkdə bitsə belə, xüsusi xidmət orqanlarının fəaliyyəti yalnız başlayacaq", - Kostenko vurğulayıb.
O, həmçinin qeyd edib ki, ləğvetmə əməliyyatları Ukraynada dinc əhaliyə atəş açan, Ukraynanın dinc şəhərlərinə raketlər atan və ya müvafiq qərarlar qəbul edib, əmr verənlərin hamısına aid olacaq.
Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Moskva vilayətinin Balaşixa şəhərinin Aviatorov mikrorayonunda “Volkswagen Golf” markalı avtomobil yaşayış binasının yaxınlığında dayanarkən partlayıb. Partlayış Moskalik mənzilini tərk edərkən baş verib. Partlayıcı qurğu uzaqdan idarəetmə vasitəsi ilə işə salınıb. General hadisə yerində dünyasını dəyişib.
Hadisədən az sonra Rusiya Federal Təhlükəsizlik Xidməti şübhəlinin həbs edildiyini açıqlayıb. Məlum olub ki, o, FSB-nin “Ukrayna xüsusi xidmət orqanlarının agenti” adlandırdığı 42 yaşlı İqnat Kuzindir. Müstəntiqlərin fikrincə, Kuzin “Volkswagen Golf” alıb və içərisinə əldəqayırma partlayıcı qurğu yerləşdirib. Onun komponentlərini Ukrayna xüsusi xidmət orqanlarının Moskva vilayətində əvvəlcədən hazırladığı sığınacaqdan əldə etdiyi bildirilir./publika.az