ABŞ, Ukrayna və Rusiya arasında mümkün razılaşma Moskvanın təcavüzünü müvəqqəti dayandıracaq.
Turkustan.az xəbər verir ki, bu barədə “Politico” yazır.
Nəşrin fikrincə, ABŞ-dən təhlükəsizlik zəmanəti və Ukraynanı müasir silahlarla təmin edən möhkəm strategiya olmadan əldə ediləcək razılaşma Rusiyanın ölkəni tamamilə ələ keçirmək planının növbəti mərhələsi olacaq.
Prezident Donald Tramp vədlərinə baxmayaraq, vəzifədə olduğu ilk 100 gündə müharibənin sona çatmasına nail ola bilmədi. Papa Fransiskin dəfn mərasimində Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında qısa görüşdən sonra Vaşinqton nikbinlik nümayiş etdirsə də, nəticə şübhəli olaraq qalır. Tramp görüşü “məhsuldar”, Zelenski isə “tarixi” adlandırıb.
Trampın Zelenskiyə münasibəti tənqidi olaraq qalır, Putinə qarşı isə daha yumşaqdır.
Ötən həftə ABŞ prezidenti Kiyevin atəşə tutulmasından sonra ilk dəfə Putini açıq şəkildə tənqid edib: “Vladimir, dayan!”
Tramp bundan sonra Rusiyanı yeni sanksiyalarla hədələyib. Bəs bu, Moskvanın mövqeyini dəyişdimi?
Rusiya xarici işlər naziri Sergey Lavrov ilhaq edilmiş ərazilərlə bağlı tələbləri sərtləşdirib. Razılaşmaya yaxınlıq barədə hər tərəfdən bəyanatlar gəlir, amma Rusiyanın tələbləri dəyişməz qalır: Ukrayna NATO-ya üzvlükdən və bəzi ərazilərindən imtina etməli, xüsusən Krım Rusiyanın bir hissəsi kimi tanınmalı, Moskvaya qarşı sanksiyalar ləğv olunmalı.
Bunun müqabilində Kiyevə Avropa İttifaqından “etibarlı təhlükəsizlik zəmanəti” vəd edilir, amma detallar açıqlanmır. ABŞ də yaranmış fürsətdən istifadə edərək, Ukraynanın faydalı qazıntıları ilə bağlı Kiyevlə saziş imzalamağa çalışır.
“Bu (Rusiya ilə indiki şərtlərlə anlaşma), Ukrayna üçün dəhşətli razılaşmadır. Qan tökülməsi dayana bilər, amma Ukrayna nəinki bu amansız müharibədən parçalanmış vəziyyətdə çıxacaq, həm də Vaşinqton və Avropadan etibarlı təhlükəsizlik təminatlarına malik olmayacaq. Rusiyanın sənədləşdirilmiş hərbi cinayətlərinə görə heç bir cavabdehlik olmayacaq və vurduğu ziyana görə Moskvadan heç bir kompensasiya alınmayacaq”, - ABŞ nəşri qeyd edir.
Təhlildə vurğulanır ki, hazırkı şərtlərlə imzalana biləcək müqavilə təhlükəli presedent yaradır - İkinci Dünya müharibəsindən sonra ilk dəfədir sərhədlər zorla yenidən çəkilir. Qərbin qətiyyətsizliyinə görə Ukraynanın bəzi ərazilərini itirəcəyi gözlənilir.
Nəşr əlavə edir ki, Qərbin yerinə yetirilməyən vədləri, səmərəsiz sanksiyaları və acizliyi Rusiyanın xeyrinə oldu:
“Mümkün müqavilə Putinin qələbəsini möhürləyəcək, bütün dünyada avtokratları gücləndirəcək və Ukrayna da bundan cəzasını alacaq. Real təhlükəsizlik təminatları olmadan imzalanacaq saziş Budapeşt müqaviləsi kimi dişsiz olacaq”.
Ukrayna üçün təhlükə həm də daxili siyasi böhranla əlaqəlidir: ərazilərdən imtina konstitusiyaya dəyişiklik və referendum tələb edəcək. “Politico”ya görə, Rusiya bu ziddiyyətlərdən istifadə edərək Ukraynanı ələ keçirmək cəhdlərini davam etdirəcək. /Teleqraf/