Məsud Pezeşkian: “Nizami bu torpağa məxsusdur, amma türkcə bir şeirini belə tapmadım”


“Nizami bu torpağa məxsusdur və bu göstərir ki, bir millət, bir mədəniyyət, bir güc olmuşuq”.

Turkustan.az IRIB-ə istinadla xəbər verir ki, bu sözləri prezidenti Məsud Pezeşkian aprelin 28-də Bakıda Azərbaycanda yaşayan İran vətəndaşları ilə görüş zamanı deyib.

"Mən bu gün burada olmaqdan xoşbəxtəm və tarixi əlaqələrimizin möhkəmlənməsi üçün uyğun mühitin yaradılması istiqamətində səyləriniz təqdirəlayiqdir", - deyə İran prezidenti vurğulayıb.

Prezident region xalqları arasında min illərlə davam edən ünsiyyətə toxunub: “Tarix boyu biz bəzən ayrılmışıq, bəzən də qovuşmuşuq, lakin ortaq mədəniyyətimiz, adət-ənənələrimiz, ənənələrimiz hələ də qalır”.

Məsud Pezeşkian bölgənin Nizami Gəncəvi kimi mədəniyyət və ədəbiyyat böyüklərinin qoyub getdiyi mirasa vurğu edib: “Nizami Gəncəvidən oxumaq üçün heç olmazsa bir şeir axtardım, tapa bilmədim, yazdıqlarının hamısı farscadır. Halbuki Nizami bu torpağa məxsusdur və bu göstərir ki, biz bir millət, bir mədəniyyət, bir güc olmuşuq”.

O, Prezident İlham Əliyevlə danışıqlar barədə deyib: “Bu görüşdə ikitərəfli əməkdaşlıq yolunda maneələrin aradan qaldırılması üçün işləmək razılaşdırılıb və biz bu istiqamətdə əlimizdən gələni edəcəyik”.

Prezident regionda əməkdaşlıq üçün mövcud olan imkanları bəyan edib: “Əgər biz fikir ayrılığı əvəzinə əməkdaşlıq etsək, regionda yeni sivilizasiya və yeni ab-hava yarada bilərik. Niyə sərhədlər bizim regionda ticarətə mane olmalıdır, halbuki avropalılar sərhədləri aradan qaldıraraq inkişafa nail oldular. Biz ticarət, elm, sənaye və turizm üçün böyük bazar yarada bilərik". /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ