Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Ukrayna müharibədə uduzacağı təqdirdə NATO ərazisi və qonşu ölkələr üçün maksimum təhlükə yaradacaq.
Turkustan.az xəbər verir ki, Pistorius Almaniyanın ictimai yayımı olan ARD-da çıxışı zamanı deyib: "Ukrayna yıxılsa, Putin bu müharibədə qalib gəlsə, Ukraynanı, hətta Ukraynanın böyük bir hissəsini işğal edərsə, bu, NATO ərazisi və yeri gəlmişkən, Moldova və Gürcüstan kimi qonşu ölkələr üçün maksimum təhlükə yaradır".
Pistorius Almaniyanın ABŞ-ın Ukraynaya dəstəyini kəsdiyi halda belə hərbi yardımı davam etdirəcəyinə əmin edib və əlavə edib: “Bu, təkcə Ukrayna ilə həmrəylik deyil, bu, bizim təhlükəsizliyimiz və Avropada sülhlə bağlıdır”.
Almaniya Ukraynaya siyasi, maliyyə, hərbi və humanitar dəstək göstərən ölkələr arasında ABŞ-dan sonra ikinci yerdədir.
Müharibə başlayandan bəri Almaniya Ukraynaya humanitar yardım, birbaşa ödənişlər və ya silah tədarükü şəklində 44 milyard avro yardım edib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü il üçün qlobal hərbi xərclərə dair hesabatına görə, Almaniya keçən il 88,5 milyard dollar xərcləyərək dünya miqyasında ən yüksək hərbi xərclərə malik ölkələr sırasındadır.
Aytən Yaşar/ Turkustan.az