İranın Səhiyyə Nazirliyi Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Bəndər Abbasda ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Nazirlik, “ammiak, kükürd dioksidi və azot dioksidi” də daxil olmaqla təhlükəli çirkləndiricilərin yayılması barədə xəbərdarlıq edib.
Nazirlik fövqəladə hallara cavab qruplarının yaradılmasını əmr edib.
Sakinlərə evdə qalmaq, açıq fəaliyyətlərdən çəkinmək və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Həssas qruplara, o cümlədən tənəffüs və ya ürək xəstəlikləri olan insanlara, uşaqlara, hamilə qadınlara və yaşlılara N95 və ya P2 maskaları taxmaq tövsiyə olunub.
Səlahiyyətlilər həmçinin tez-tez üz yuyulmasını və qoruyucu geyimlərdən istifadə etməyi tövsiyə ediblər.
Qeyd edək ki, partlayış nəticəsində azı 8 nəfər ölüb, 750-dən çox insan yaralanıb. Partlayışın səbəbi kimi limanda saxlanılan təhlükəli kimyəvi maddələrin, o cümlədən raket yanacağı üçün istifadə olunan natrium perxloratın düzgün saxlanılmaması göstərilir. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Yanğın hələ də tam söndürülməyib. Liman ərazisində yanğının intensivliyi xeyli artıb.