Bu gün Roma Papası Fransisk son mənzilə yola salınacaq. Bununla əlaqədar Vatikanda və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizliyi təmin etmək üçün minlərlə polis əməkdaşı səfərbər edilib.
Turkustan.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.
Bildirilir ki, mərasimə yüzlərlə ölkə liderinin və yüz minlərlə insanın qatılması gözlənilir.
Tədbirə ABŞ Prezidenti Donald Tramp, İsveçin Baş naziri Ulf Kristersson və İsveç kralı da daxil olmaqla, müxtəlif ölkələrdən yüksək vəzifəli şəxslər dəvət olunub. Dəfn mərasimi bu gün yerli vaxtla saat 11-də Vatikanın məşhur Pyotr meydanında başlayacaq.
Ən son texnologiyalarla həyata keçiriləm təhlükəsizlik tədbirləri:
Təhlükəsizlik tədbirləri Tibur çayında patrul qayıqlarından, havadan mümkün təhdidlərin qarşısını ala bilən qabaqcıl pilotsuz uçuş aparatlarına, həmçinin siqnalpozucu cihazlara qədər müxtəlif texnikalarla təmin ediləcək. Əraziyə snayperlər də yerləşdiriləcək.
Papanın nəşinin Pyotr meydanından Santa Mariya Maççore Bazilikasına aparılması üçün təşkil olunacaq yürüş zamanı Vatikan ətrafındakı yollar ictimaiyyət üçün bağlanacaq. İtaliyanın Mülki Müdafiə və Fövqəladə Hallara Hazırlıq Agentliyinin rəhbəri Fabio Çiçiliano bildirib ki, insanlar təkcə Pyotr meydanında deyil, həm də meydanı Santa Mariya Maççore ilə birləşdirən təqribən dörd kilometrlik yol boyunca toplaşacaqlar.
Nəqliyyat gücləndirilmiş rejimdə çalışacaq:
Böyük təhlükəsizlik tədbirlərinə paralel olaraq, kütləvi insan axınına qarşı da hazırlıqlar görülür. Dövlət dəmir yolları şirkəti qatarlarında əlavə olaraq 260 min oturacaq yerləşdirəcək. Nəticədə Romaya təyyarə ilə daha 20 min nəfərin gəlməsi gözlənilir.
Bundan əlavə, xüsusi təyyarə reyslərində artımı tənzimləmək üçün tədbirlər görülür. Fabio Çiçiliano əlavə edib ki, zərurət yaranacağı təqdirdə şəhərin iki əsas hava limanına alternativ olaraq Pratika di Mare hərbi hava limanı da istifadəyə verilə bilər.