Müharibə başlayandan sonra ölən 10 rus general… – Siyahı


Ukraynada müharibənin başlamasından bəri Rusiya Silahlı Qüvvələrinin azı 10 generalı ölüb.

Turkustan.az modern.az-a istinadən bildirir ki, onların bəziləri döyüş bölgəsində, digərləri isə Rusiya ərazisində sui-qəsd nəticəsində həyatlarını itiriblər.

Aprelin 25-də Moskva ətrafındakı Balaxışa şəhərində avtomobilin partlaması nəticəsində Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin müavini, general-leytenant Yaroslav Moskalik həlak olub. Rəsmilərin məlumatına görə, avtomobilə partlayıcı qurğu yerləşdirilib.

Bu hadisə Rusiya ərazisində son 4 ayda baş vermiş sayca ikinci sui-qəsd kimi qeydə alınıb. Belə ki, 17 dekabr 2024-cü ildə Radioloji, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov evinin qarşısında minalanmış elektrik skuteri ilə öldürülüb. Ukrayna Təhlükəsizlik Xidməti əməliyyata görə məsuliyyəti üzərinə götürüb.

Ukraynada müharibənin ilk dörd ayında 4 rus generalının ölümü təsdiqlənib. Onlar Andrey Suxoveçki, Vladimir Frolov, Kanamat Botaşev (ehtiyatda olsa da, “Vaqner” üzvü kimi döyüşlərə qatılıb) və Roman Kutuzovdır. Generallar ön xəttə olduqları üçün ya artilleriya, ya da atəş nəticəsində həlak olublar.

Ukraynanın 2023-cü ilin yayında başladığı əks-hücum əməliyyatından sonra isə azı 4 generalın öldüyü təsdiqlənib. 35-ci ümumqoşun ordusunun qərargah rəisi Sergey Qoryaçev raket zərbəsi nəticəsində ölüb. Cənub hərbi dairəsinin komandir müavini Oleq Tsokov da raket hücumu zamanı həyatını itirib.

14-cü ordu korpusunun komandir müavini Vladimir Zavadski minaya düşərək ölüb. 5-ci Donetsk motoatıcı briqadasının komandiri Pavel Klimenkonun rəsmən motosiklet qəzası səbəbindən öldüyü bildirilib, lakin hadisə zamanı ya dron zərbəsindən yayınmağa çalışdığı, ya da sərxoş olduğu iddia edilir.

Ukrayna mənbələri daha 7 generalın öldüyünü iddia etsə də, onlardan bəzilərinin – Maqomed Tuşayev, Vitaliy Gerasimov, Andrey Mordviçev – sağ olduğu və müharibədə iştirakını davam etdirdiyi video və fotolarla sübut olunub.

Ekspertlərə görə, Rusiya ordusundakı struktur problemlər – xüsusilə rabitə və logistik çatışmazlıqlar – generalların ön xəttə getməsinə səbəb olub. Bu da onları daha açıq hədəfə çevirib. Müharibənin sonrakı mərhələlərində isə qərb silahlarının dəqiqliyi və xüsusi əməliyyatlar yüksək rütbəli zabitlərin həyatını təhlükə altında qoyur.

Müqayisə üçün qeyd edək ki, ABŞ 20 illik Vyetnam müharibəsində cəmi 6 general itirib.


MANŞET XƏBƏRLƏRİ