ABŞ lideri barışıq çərçivəsində uğur qazanmağa çox tələsir; siyasi şərhçi: “O, getdikcə daha da pisləşən münasibətlərin qurbanına çevrilə bilər”
“ABŞ prezidenti Donald Tramp öz ambisiyalarını reallaşdırmaq üçün Ukrayna və Rusiya arasında barışıq çərçivəsində uğur qazanmağa çox tələsir”. Bu barədə “Financial Times” anonim Amerika rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunur ki, hazırda prezidentin əsas məqsədi aprelin 30-dək (prezidentliyin yüzüncü günü) sülh müqaviləsi imzalamaqdır. Məqalə müəllifinin fikrincə, Tramp bununla da sülhməramlı statusunu gücləndirmək istəyir. O, dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra yüz gün ərzində münaqişənin həlli ilə bağlı əvvəllər verdiyi vədi yerinə yetirməlidir. ABŞ prezidenti 100 günün tamamına kimi (30 aprel) bu hədəfinə çata biləcəkmi? Çatmasa, nə olacaq? Ümumiyyətlə, Trampın 100 gün üçün verdiyi vədlərdən hansı çin olacaq, hansı yox? Bu yüz gün nəyi göstərdi?
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Trampın sülh təklifinin Ukrayna tərəfindən qəbul olunmayacağı, eyni şəkildə dünya dövlətlərinə qarşı ticarət savaşının əks-reaksiya doğuracağı onun özünə də bəlli idi: “Buna baxmayaraq, o, həmin addımları atdı. Görünür, buna məcbur idi. Çünki bizim gözümüzdə qəhrəmanlaşdırdığımız Tramp yalnız özündən asılı biri deyil. Onun mənsubu olduğu bir güc mərkəzi var və Tramp həmin güc mərkəzinin direktivləri ilə hərəkət edir”.
Heydər Oğuzun fikrincə, ABŞ və dünyada əsasən iki güc mərkəzi arasında savaş gedir: “Bu güc mərkəzlərindən biri şərti olaraq ulusalçılar adlandırdığım qüvvələr, digəri isə qlobalistlərdir. II Dünya savaşından sonra ABŞ-ın başını çəkdiyi qlobalistlər dünya iqtisadiyyatını vahid bir orqanizm kimi görür, bütün sektorların müxtəlif ölkələr arasında bölüşdürülməsini vacib hesab edirdilər. Sözsüz ki, bu bölgüdə ən çox qazanc gətirən sahələr ABŞ-ın payını düşürdü. Amma qlobalist siyasətin gətirdiyi yeni düzən istər-istəməz başqa dövlətlərin də inkişafına yol açırdı. Prinsipcə, bunda ABŞ dərin dövləti də maraqlı idi. Fəqət onlar öz paylarına düşən bölgünün getdikcə digər dövlətlər tərəfindən də fəth edildiyini gördülər. Xüsusilə Çinin elektronika və yeni texnologiya sahəsində inanılmaz irəliləyişi ABŞ-ın dünya hegemoniyasını təhdid etməyə başlamışdı. ABŞ üçün ən böyük sürpriz isə nadir torpaq nümunələrində Çinə uduzması idi. Məlumatlara görə, dünya nadir torpaq nümunələri ehtiyatlarının 44%-ni özündə cəmləşdirən, 90%-ni isə faktiki istehsal edən Çin bu üstünlüyünü heç kimlə bölüşmək istəmirdi. Bu isə yaxın gələcəkdə müasir texnologiya sahəsində əsas güc mərkəzinə çevrilməsi gözlənilən Asiya nəhənginin potensial super güc kimi ortaya çıxacağına dəlalət edirdi. Üstəlik, Çin bu avantajını silahlanma sahəsində də həyata keçirir, özəlliklə, istehsal etdiyi yeni gəmilərlə dəniz hegemoniyasını ələ keçirməyə çalışır. ABŞ-ın gəmilərinin kifayət qədər köhnə, hər hərbi gəminin 40-50 il ömrü olduğunu nəzərə alsaq, Çinin bu sahədə atdığı addımlar bir müddətdən sonra dünya okeanlarında yeni gücün ortaya çıxacağını göstərir və qarşı tərəfin təhdid duyğularını qıcıqlandırırdı. ABŞ-ın öz üstünlüyünü qorumaq üçün yeni mənbələrə ehtiyacı vardı. Yeni mənbələr isə Rusiya, Orta Asiya, Ukrayna və Serbiya kimi Şərqi Avropa ölkələrində toplanmışdı. Bu da ABŞ-ı həmin coğrafiyalarla siyasətinə yenidən baxmağa vadar edirdi. Di gəl ki, Ukrayna savaşı ABŞ-ın Rusiya və ona yaxınlığı ilə seçilən ölkələrlə münasibətlərinə də kölgə salırdı. Fikrimcə, Tramp hakimiyyətinin həm Rusiya-Ukrayna savaşına yeni baxışı, həm də Çin və digər rəqiblərinə qarşı gömrük rüsumlarını artırması bu itkisini kompensasiya etməyə hesablanıb”.
Siyasi şərhçi xatırlatdı ki, Ukrayna savaşı ABŞ-ın ən zəngin iş adamı və “dərin dövlət”inin aparıcı fiquru Rokfeller ailəsinin Rusiyadan çəkilməsi ilə nəticələnib: “Rokfellerə məxsus ”ExxonMobil" şirkəti 2022-ci ildə istəməsə də Rusiyadan ayrılmaq məcburiyyətində qaldı. Halbuki, Rokfellerə aid olan bu şirkət xüsusilə Saxalin və Uzaq Şərqin digər hissələrində böyük investisiyalar qoymşdu. Həm Saxalin adasında, həm də Oxot dənizindəki Çayvo, Odoptu və Arkutun-Dağı yataqlarında neft və qazın kəşfiyyatı və hasilatına nəzarət edən “Saxalin-I” konsorsiumunun əsas Amerika operatoru olan “Exxon Neftegas” şirkəti bu layihənin 30 %-nin sahibi idi. 1998-ci ildən 2022-ci ilə qədər Rusiyanın ən iri neft və qaz yataqlarını istismar edən “Exxon-Mobil” Ukrayna savaşı başlayandan sonra Rusiyanı tərk edən sonuncu enerji şirkətlərindən biri olmuşdur. Bu da onun Rusiyanı könül xoşluğu ilə tərk etmədiyini göstərirdi. Halbuki, Tramp 2017-ci ildə hakimiyyətinin ilk mərhələsində “Exxon-Mobil”in maraqlarını təmin etmək naminə bu kresloya oturmuşdu. Hətta şirkətin direktoru olan Reks Tillersonu Dövlət Departamentinin katibi təyin etmişdi. Bu da onu göstərirdi ki, Tramp hakimiyyəti Rusiya ilə münasibətlərini ən yüksək səviyyəyə çıxarmaq istəyirdi. Lakin ABŞ-dakı qlobalist qüvvələr dövriyyəyə girib Tillersonu dövlət katibi vəzifəsindən uzaqlaşdırdı və 2022-ci ildə Ukrayna-Rusiya müharibəsi başladı. Sözsüz ki, bu savaşın çıxmasının əsas səbəblərindən biri də ABŞ-Rusiya yaxınlaşmasının qarşısını almaq idi və demokratlar bu niyyətlərini gizlətmirdilər. Trampın ikinci hakimiyyəti dövründə ABŞ ulusalçılar Konqresi və Senatı da qazanaraq böyük güc əldə etdilər. İndiki mərhələdə onların qarşılarına qoyduqları ən mühüm hədəf qlobalistlərin bu gücünü sıfırlamaq və Çini sıxışdıraraq Rusiyanı öz yanlarına çəkməkdir. Məhz bu səbəbdən də 1945-ci ildən indiyədək davam edən qloballaşma siyasətinin sonlandırmağa çalışırlar. Görünən budur ki, Trampın bütün siyasətləri də buna xidmət edir. Amma bu siyasətin qarşısını almaq o qədər də asan deyil. Son 80 il ərzində oturuşmuş siyasi dəsti-xətt var və həmin dünya nizamı bacardığı qədər müqavimət göstərir".
Həmsöhbətimizin fikrincə, hazırda ticarət siyasəti və Ukrayna savaşı ilə getdikcə kəskinləşən bu rəqabət III Dünya savaşına da yol aça bilər: “Artıq bu savaşın bəzi əlamətləri açıq-aşkar görünür. Getdikcə NATO dağılır, Avropa ilə Amerika arasında gərginliklər artır, Çin Avropa ilə, ABŞ isə Rusiya ilə yaxınlaşır. Zaman keçdikcə, bu bölünmələr daha da böyüyə və dünyanın güclü dövlətləri kəllə-kəlləyə gələ bilərlər. Bizim üçün yeganə təskinlikverici hal odur ki, artıq dünya gücləri proksilər savaşı mərhələsini keçib və bir-birinə diş qıcayırlar. Bu isə o deməkdir ki, növbəti mərhələdə proksilərini döyüşdürməyib hesablaşmaları öz aralarında üz-üzə aparacaqlar”.
Heydər Oğuzun fikrincə, məsələ bu qədər mürəkkəb hal aldığı üçün Trampın ilk 100 gün ərzində hansısa uğura imza atması mümkün deyil: “Əksinə, o, getdikcə daha da pisləşən münasibətlərin qurbanına çevrilə bilər”.