Obamadan sonra Trampı qorxudan söz – Qədim türk torpağını kim satıb?


ABŞ Prezidenti Donald Tramp Krımla bağlı son açıqlamasında keçmiş prezident Baraka Obama və komandasını ittiham edib. O, yarımadanın heç bir döyüş olmadan, sakit şəkildə Obamanın prezidentliyi dövründə Rusiyaya təhvil verildiyini söyləyib.

Ağ Ev rəhbəri həmçinin Krımın Rusiyanın tərkibində qalacağını və Ukrayna Prezidenti Volodimir Zelenskinin də bunu anladığını bildirib. Trampın bəyanatları Vaşinqton və Kiyev arasında gərginliyin yenidən artması kimi dəyərləndirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, ABŞ prezidentinin bu açıqlaması Ukrayna müharibəsində Krımın Rusiya ərazisi kimi qəbul edilməsi ilə nəticələnəcək sülh sazişinə haqq qazandırmaq məqsədi daşıyır:

“Vaşinqtonun sülh sazişi planında Rusiyanın mövqeyinin nəzərə alınacağı aydındır, mövcud şərtlərdə bunu etmədən müharibəni dayandırmaq da mümkün deyil. Beləliklə Moskva, Krım və 2022-ci ildə başlanan müharibə zamanı ələ keçirdiyi ərazilər üzərində nəzarətinin qəbul edilməsini istəyir. Bunun de-fakto, yaxud de-yure olacağını hadisələrin inkişafı göstərəcək. De-yure tanınma beynəlxalq hüquq, eləcə də Ukraynanın qəbul etməməsi fonunda çətin olacaq, amma de-fakto tanınma mümkün variantlardandır.

asif
Asif Nərimanlı

Tramp anlayır ki, Ukrayna müharibəsini dayandıra və razılaşma əldə edə bilsə, bu onun uğuru kimi qəbul olunacaq. Amma zamanla sülhün Ukrayna əraziləri hesabına əldə edildiyi məsələsi ittihama çevriləcək. Bu səbəbdən baş verənlərə və belə bir nəticəyə görə günahkarın o olmadığını izah etməyə çalışır, yəni mövcud vəziyyət sələflərinin səhvlərinin nəticəsidir”.

Ekspertin sözlərinə görə, Krımın ruslara Obama administrasiyası tərəfindən satıldığını məcazi mənada demək mümkündür:

“Çünki Barak Obama Rusiyanın Krımı ilhaq etməsinə qarşı faktiki heç bir tədbir görmədi. Bu da hazırda haqlı olaraq, “Krımı Obama satdı” ittihamlarına səbəb olur. Tramp da gələcəkdə ortaya atıla biləcək, “Ukrayna ərazilərini Tramp satdı”- ittihamlarına qarşı öncədən məsuliyyətdən yayınmağa çalışır”.


MANŞET XƏBƏRLƏRİ