Pakistan-Hindistan gərginliyi PİK HƏDDƏ – İki nüvə dövləti dəhşətli müharibəyə SÜRÜKLƏNİR...


Hindistanla Pakistan arasında yenidən gərginlik baş qaldırıb. Cammu və Kəşmirdə nəzarət xəttində Pakistan hərbçiləri Hindistan postlarını atəşə tutub.Hindistan ordusu tərəfindən cavab tədbirləri görülüb. Hələlik ölən və yaralananlarla bağlı məlumat verilməyib.

Pakistanın müdafiə naziri Xavaca Asif qeyd edib ki, iki nüvə dövləti arasında toqquşma həmişə narahatlıq doğurur:

“Əgər hər hansı səhv olarsa, bu qarşıdurma faciəvi şəkildə bitə bilər”.

Görəsən, tərəflər arasında yaşanan bu gərginlik növbəti iri miqyaslı mühribəyə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədov düşünür ki, tərəflər arasında geniş miqyaslı müharibə gözlənilmir. Onun fikrincə, qarşılıqlı aviazərbələrdən sonra tərəflər vəziyyətdən çıxış yollarını axtarmağa başlayacaqlar:

“Hindistanda baş verən terror nəticəsində dinc insanlar həlak olub. Hindistan hakimiyyəti isə bu terror aktında Pakistanı günahlandırır. İddia olunur ki, terroru həyata keçirən 3 nəfərdən ikisi pakistanlıdır. Nəticədə rəsmi Dehli İslamabada qarşı diplomatik tədbirlərə əl atıb.

Pakistan da eyni tədbirləri Hindistana qarşı tətbiq edib. Hindistan Pakistana verilən suyu da kəsib. Bu isə tərəflər arasında keçən əsrin 60-cı illərində imzalanan müqavilənin kobud şəkildə pozulması deməkdir. Çünki suyun kəsilməsi Pakistanın kənd təsərrüfatını ağır vəziyyətə sala bilər. Bu cür hallar Hindistanla Pakistan arasında əvvəllər də baş verib.

Tərəflər bir-birinə aviazərbələr endirib. İndiki halda mütəxəssislər daha çox qarşılıqlı aviazərbələr, raket zərbələrinin vurulacağını ehtimal edir. Güman olunur ki, hər iki tərəf vəziyyətin müharibə həddinə çatmaması üçün əlindən gələni edəcək və qarşılıqlı aviazərbələrdən sonra vəziyyətdən çıxış yolları axtarılacaq. Ümid edək ki, qarşılıqlı aviazərbələrlə konflikti nizama salmaq mümkün olacaq”.

Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 26 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.

Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib. Aprelin 25-də isə Hindistan Hind çayının qarşısını kəsərək Pakistana axını əngəlləyib.

Pakistan isə öz hava məkanını Hindistan təyyarələri üçün bağlayıb. Sərhəddə yerləşən “Vagah” nəzarət-buraxılış məntəqəsini bağlayıb, Hindistanla bütün ticarəti də dayandırıb.


MANŞET XƏBƏRLƏRİ