Trampın Ukrayna ilə bağlı ŞOK PLANI - Detallar açıqlandı


Aprelin 17-də Parisdə keçirilən görüş zamanı ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Avropa tərəfdaşlarına Ukrayna ilə bağlı yeni sülh planını təqdim edib.

Turkustan.az xəbər verir ki, "Reuters" sülh planında nəzərdə tutulan təklifləri açıqlayıb.

Təkliflər ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı yekun planını əks etdirir.

Plana əsasən, ABŞ Krımın Rusiya tərəfindən anneksiyasını de-yure tanımağa və Rusiya tərəfindən işğal olunmuş dörd bölgə üzərində de-fakto nəzarəti qəbul etməyə hazır olduğunu bildirib. Eyni zamanda Ukraynaya bir sıra ərazilərin və strateji obyektlərin, o cümlədən Xarkov vilayətindəki bəzi torpaqların və Zaporojye Atom Elektrik Stansiyasının nəzarətinin qaytarılması təklif olunur.

Təklif paketinə daxil olan əsas bəndlər aşağıdakılardır:

- Daimi atəşkəs rejiminin tətbiqi;

- Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi;

- Təhlükəsizlik zəmanətlərinə nəzarəti Avropanın bir sıra ölkələri və istək göstərən qeyri-Avropa ölkələr həyata keçirəcək;

- Ukraynanın NATO-ya üzv olmaq niyyətindən imtinası;

- Ukraynanın Avropa İttifaqına üzvlük perspektivinin açıq qalması;

- ABŞ-ın Krımın Rusiya tərəfindən anneksiyasını de-yure tanıması;

- ABŞ-ın Luqansk, Zaporojye, Donetsk və Xersonun işğal altındakı hissələri üzərində Rusiyanın de-fakto nəzarətini tanıması;

- Ukraynaya Xarkov vilayətində bəzi torpaqların geri verilməsi;

- Zaporojye AES-in Ukrayna nəzarətinə verilməsi. Bu nəzarət ABŞ vasitəsilə həyata keçiriləcək və elektrik enerjisinin hər iki tərəfə paylanması təmin ediləcək;

- Dnepr çayı boyunca maneəsiz keçid və Kinyburn dili üzərində iqtisadi nəzarət hüququnun Ukraynaya verilməsi;

- ABŞ və Ukrayna arasında iqtisadi əməkdaşlıq və faydalı qazıntıların birgə istismarı üzrə razılaşma;

- Ukraynanın yenidən qurulması və maliyyə kompensasiyası alması;

- 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması;

- ABŞ və Rusiya arasında enerji və digər sənaye sahələrində əməkdaşlığın bərpası.

Hazırda bu plan rəsmi şəkildə nə Rusiya, nə də Ukrayna tərəfindən təsdiqlənməyib. Tərəflərin cavab mövqelərinin yaxın günlərdə məlum olacağı gözlənilir./modern.az


MANŞET XƏBƏRLƏRİ