ABŞ-ın vitse-prezidenti J.D.Vens Ukraynanı bir çox cəhətdən Rusiyanın çoxdankı tələblərini əks etdirən Amerikanın sülh təklifini qəbul etməyə çağırıb. İlk dəfə idi ki, ABŞ rəsmisi atəşkəs şərtlərini açıq şəkildə bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Şərtlərə hazırkı cəbhə xəttinin “dondurulması”, Rusiyanın Krımı ilhaqının tanınması və Ukraynanın NATO-ya üzv olmaqdan imtinası daxildir. Bu bəyanat uzun müddət Rusiyanın öz ərazilərinə, xüsusilə Krıma olan iddialarını tanımaqdan imtina edən Ukraynaya təzyiqi artırmaq məqsədi daşıyır.
"Vans bildirib ki, əgər həm Ukrayna, həm də Rusiya ABŞ-ın şərtlərini qəbul etməsə, ABŞ sülh prosesindən “çəkiləcək”. Lakin aydındır ki, bu sözlərin əsas ünvançısı Ukrayna prezidenti Vladimir Zelenski olub", - məqalədə deyilir.
"Biz həm ruslara, həm də ukraynalılara çox konkret təklif etmişik. Qan tökülməsini həqiqətən dayandırmağın yeganə yolu hər iki ordunun silahlarını yerə qoyması, münaqişəni dondurması və həm Rusiya, həm də Ukrayna üçün daha yaxşı gələcək qurmaq üzərində işləməyə başlamasıdır", - Vans jurnalistlərə deyib.
Vitse-prezidentin bəyanatı Zelenskinin ölkəsinin Rusiyanın Krımı işğalını heç vaxt tanımayacağını bir daha vurğulamasından bir neçə saat sonraya təsadüf edib, çünki bu, Ukrayna Konstitusiyasına ziddir. O, həmçinin əlavə edib ki, Ukrayna NATO-ya üzvlüklə bağlı qadağanı qəbul edə bilməz.
Media yazır ki, Vensin danışıqlardan çıxmaqla hədələməsi dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın Oval kabinetdəki bəyanatları ilə səsləşir. Eyni zamanda jurnalistlər deyirlər ki, Rusiya qoşunlarının Ukraynanın şərqində qalacağı sülh planı Moskva üçün xoş xəbər olardı.
“Münaqişənin rəsmi “dondurulması” faktiki olaraq Ukraynanın məcburi təslim olması və ərazisinin əhəmiyyətli bir hissəsinin Rusiyaya verilməsi demək olardı ki, bu da işğalın əvvəlindən Kiyevi dəstəkləyən ABŞ və Avropa ölkələrinin öz müqəddəratını təyinetmə və sərhədlərə hörmət prinsiplərinə ziddir”, - NYT yazır./publika.az