Roma Papası Fransiskin vəfat etməsinin ardından 900 illik lənət təkrar gündəmə gəlib. İrlandiyalı baş yepiskop Əziz Malaçy tərəfindən yazıldığı iddia edilən “Papaların kəhanəti” kitabında 112-ci, yəni sonuncu Papa vəfat etdikdən sonra 7 təpəli şəhərin məhv olacağı və təxminən 2027-ci ildə dünyanın dağılacağı iddiası ortaya atılıb.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, Papa Fransiskin ölümündən sonra yenidən ortaya çıxan kəhanət baş verənlər fonunda narahatlığı artırıb.
Məlumata görə, “Papaların kəhanəti” adlı mətndə 112 sirli cümlə yer alıb. Hətta kitabın 1595-ci ildə Vatikanın gizli arxivindən tapıldığı iddia olunur. Söyləntilərə əsasən, son papa böyük bir gərginlik və münaqişə dövründə xristian aləminə rəhbərlik edəcək. Onun ölümündən sonra dünyanın sonu gələcək.
900 illik kəhanətdə vurğulanan 7 təpəli şəhər sözləri xüsusi diqqət çəkib. Roma Papasının ölüm xəbərindən sonra İstanbulda ard-arda baş verən güclü zəlzələlər suallara səbəb olub. İstanbulun kəhanətdəki şəhərlərdən biri ola biləcəyi deyilir. Həmçinin Afina, Roma, Nevada, Mumbay, Tehran, Məkkə, Praqa Barselona, Madrid və İordaniyanın paytaxtı Amman da daxil olmaqla 10-a yaxın şəhərin 7 təpəsi olduğu bildirilib. Lakin bunlardan ən məşhuru İstanbuldur.
Həmçinin kəhanətin ikinci hissəsində 2027-ci ildə dünyanın dağıla biləcəyi, İsa Məsihin yaşayanları və ölüləri sorğulamaq üçün dünyaya qayıdacağı qeyd olunur.
Qeyd edək ki, aprelin 23-ü günorta saatlarında İstanbulda ard-arda 9 zəlzələ baş verib. Daha sonra gün ərzində avtoşoklar davam edib.