Polşanın xarici işlər naziri Radoslav Sikorski qonşu Ukraynada davam edən müharibəyə diqqət çəkərək, Rusiyaya “Torpaqlarınız kifayət deyilmi?” sualını verib.
Turkustan.az xəbər verir ki, Nazir Sikorski milli parlamentdəki çıxışında ölkəsinin sərhədləri boyunca "müharibə təhdidləri" ilə üz-üzə qaldığını bildirib və "Qərb birliyinin parçalana biləcəyindən" narahat olduğunu deyib.
Sikorski çıxışında Rusiyanı Ukraynaya hücumlarını davam etdirdiyi üçün sərt şəkildə tənqid edərək, "Sizin kifayət qədər torpağınız yoxdur? 11 saat qurşağı hələ də kifayət deyilmi?" deyərək reaksiya verib.
Ukraynadakı hadisələrin gedişi ilə bağlı ölkəsindəki narahatlıqlara toxunan Sikorski, "Narahatlıq Polşa evlərinə yerləşdi. Biz də Rusiyanın təcavüzü riski altındayıq? Avropa ilə ABŞ arasında münasibətlər böhrana doğru gedirmi? Avropa müdafiə qabiliyyətini sürətlə inkişaf etdirə bilərmi?" ifadəsini işlədib.
"Rusiya imperializmi"nin düşmənləri olduqlarını qeyd edən Sikorski, "Siz burada bir daha hökmranlıq etməyəcəksiniz. Kiyevdə deyil, Vilnüsdə deyil, Riqada deyil, Tallinndə deyil, Kişinyovda da deyil. Bu günlərdə Rusiya prezidenti Vladimir Putinə qarşı siyasətimiz belədir və başqa siyasətimiz olmayacaq" deyib.
Məlumdur ki, NATO-nun şərq cinahında yerləşən Polşa hökuməti Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləyir. Ukrayna coğrafi cəhətdən Polşanın cənub-şərqində yerləşir.
Aytən Yaşar/ Turkustan.az