ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin “Ukrayna Krımın işğalını qanuni kimi tanımayacaq” bəyanatının Rusiya ilə danışıqlara “son dərəcə zərərli” olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o, “Truth Social” hesabından verdiyi açıqlamada Ukrayna prezidenti Zelenskinin Krımla bağlı son açıqlamalarını dəyərləndirib.
Tramp: “Ukrayna prezidenti Zelenski “The Wall Street Journal”ın ön səhifəsində öyünür: Ukrayna Krımın işğalının qanuniliyini tanımayacaq. Krım illər əvvəl prezident Barak Hüseyn Obamanın himayəsi altında itirildi və bu bəyanat indi Rusiya ilə sülh danışıqlarına son dərəcə ziyan vurur” ifadəsini işlədib.
Zelenskinin həqiqətən də Krımla bağlı narahatlığının olub-olmadığını, Krımın 11 il əvvəl döyüşmədən Rusiyaya “təslim edilməsinin” səbəbini soruşan Tramp, “Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir, lakin Zelenskinin istifadə etdiyi təxribat xarakterli bəyanatlar bu müharibənin həllini çətinləşdirir. Onun burada lovğalanmağa heç nəyi yoxdur"- deyib.
Zelenskinin Krımla bağlı açıqlamasının yalnız müharibəni uzadacağını və başqa məqsədə xidmət etməyəcəyini müdafiə edən Tramp, “Biz razılaşmaya çox yaxınıq, amma “oynamağa kartı olmayan” adam bunu indi etməlidir” deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az