Son günlər insanlar arasında mədə və bağırsaq xəstəliklərinin sayı artmaqdadır. Bunun ən böyük səbəbləri təbii ki, yaşam mühiti və düzgün olmayan qidalanmadır.
Bəs bu qidalar hansılardır? Ümumiyyətlə, bu cür xəstəliklərin qurbanı olmamaq üçün nə etmək lazımdır? Turkustan.az olaraq bu sualımızı ümumi cərrah Bəhruz Səlimova ünvanladıq.
Diqqətlə nəzər salsaq görərik ki, son zamanlar mədə-bağırsaq xəstəliklərinin dəfələrlə artması müşahidə olunur. Bunu bir neçə səbəb altında qruplaşdıra bilərik. Elmi- texniki tərəqqinin dəyişməsi, həyat sürətinin dəyişməsi, insanların böyük şəhərlərdə sürətli həyat yaşaması və qidalanma tərzinin dəyişməsi insanların daha çox işlənmiş “fast food” dediyimiz sürətli qidalanma tipində, daha sürətli, daha ədviyyatlı, daha yağlı, yüksək kalorili, yüksək şəkərli qidalar qəbul etməsinə səbəb olur. Bu qidalar da özü özlüyündə bağırsaq mikroflorasında dəyişikliklərə səbəb olur. Yəni sağlam balans pozulur, pozulmuş balans iltihabı proseslərə səbəb ola bilir. Bu da arxasınca bir neçə fərqli xəstəlik mexanizmlərinin başlamasına gətirib çıxarır. Lifli qidalanmanın az qəbulu da bu cür problemlərə daha da təkan verir və bu da qəbizliyə səbəb olur. Ümumiyyətlə bu xəstəlikləri yaradan ən önəmli səbəblərin sıralanması aşağıdakı kimidir.
Burada ən önəmli faktor stressdir. Stresə məruz qaldıqda ilk növbədə həzmdə fərqli dəyişikliklər meydana gəlir. Mədədə ifraz olunan turşuluğun miqdarı, mədənin boşalma sürəti, bağırsağın işləmə prosesi dəyişir. Bu da bir sıra xəstəliklərin başlamasına səbəb olur.
Hədsiz antibiotik istifadəsi də bağırsaq mikroflorasını dəyişir.
Günümüzün əsas problemlərindən biri hərəkətsizlikdir ki, bu da həzm sisteminin fəaliyyətinə ciddi şəkildə təsir edir. Hərəkətsizlik həmçinin qəbizliyə də səbəb olur.
Gigiyenik qaydalara əməl etməmək də ən önəmli faktorlardan sayılır. Təmizliyə əməl edilməməsi mədədə bir sıra xəstəliklərin artmasına və yayılmasına səbəb olur.
Yaşlanma- ortalama yaşam müddəti artdığı üçün, yaşlı insanlar arasında bədxassəli xəstəliklərin sayı artır.
Bəs hansı qidalar mədə-bağırsaq xəstəliklərini əmələ gətirə bilər?
İlk növbədə yüksək yağlı qidalar. Tamamilə yağsız yemək yeyin demirik, ancaq hədsiz yağlı qidaları mütəmadi istifadə etmək bədənimizdə metobalik problemlər əmələ gətirə bilir. Bu gün qidaların çoxu işlənmiş qidalardır və tərkibində çoxlu süni əlavələr, konservatlar, qida boyaları var ki, onlar da həzm sistemimizə daxil olanda bağırsaq mikroflorasında dəyişikliyə səbəb olur.
Şəkərli qidalar və içkilər də bu siyahıya aiddir. Hətta bəzi meyvələrdə belə şəkər hədsizdir və bu da bizim bədənimizi zəhərləyir. Kəskin ədviyyatlı qidalar da oqranizmə yaxşı təsir etmir.
Eləcə də süd məhsullarındakı laktoza bir sıra insanlara narahatçılıq verir. Bu cür insanlara məsləhət görərdik ki, süd məhsullarında süd şəklində yox, pendir, qatıq şəklində qəbul etsinlər.
Günümüzün bəlası kofein və alkoqol. Bu cür içkilərin həddindən artıq qəbul olunması mədə və bağırsağın məhvinə səbəb olur. İnsanlar vaxtında orqanizmlərində olan narahatçılğın fərqinə varsınlar və onları narahat edən qidaları qida rasionlarından çıxarsınlar.
Aytən Yaşar/ Turkustan.az