"Bölgədə atəşkəsin tez-tez pozulması Ermənistanın təxribatlarından xəbər verir. Onlar sülh sazişinin imzalanmasında maraqlı deyil. Ermənistanın baş naziri Nikol Paşinyan bəlkə də ordusuna nəzarət edə bilmir. Dəfələrlə açıqlamalarında etiraf edib ki, ordusunda 5-ci kolonu var. Amma hesab edirəm ki, düşmənin təxribatları böyük bir toqquşmaya çevrilməyəcək. Çünki Ermənistandakı radikal qüvvələr də anlayırlar ki, təxribata getsələr, Azərbaycan yenə də, "dəmir yumruğu" işə salacaq və bu, onlara baha başa gələcək, daha çox ərazi itirəcəklər”.
Bu sözləri Bakupost.az -a politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, Ermənistanın bu təxribatlarla bir neçə məqsədi ola bilər. İlk növbədə, regionda sabitliyi pozmaqla beynəlxalq diqqəti yenidən üzərinə çəkməyə və Azərbaycanı təqsirkar tərəf kimi göstərməyə çalışır. Eyni zamanda, bu addımlar daxili ictimaiyyətə yönəlik bir siyasi mesajdır – hakimiyyətin “milli maraqları müdafiə etdiyi” görüntüsünü yaratmaq istəyirlər:
“Digər tərəfdən, Ermənistan müəyyən strateji mövqelərdə üstünlük əldə etməyə və sərhəddə status-kvonu dəyişməyə çalışır. Belə addımlar sülh danışıqlarına zərbə vurur və regionda yeni qarşıdurma riskini artırır. Eyni zamanda, Ermənistan tərəfi sülh danışıqlarında əlavə güzəştlər qoparmaq üçün bu gərginliyi təzyiq aləti kimi də istifadə edə bilər. Belə hallar həm də Azərbaycanın həyata keçirdiyi sərhəd infrastruktur layihələrinə və kommunikasiya xəttlərinin açılmasına mane olmaq məqsədi daşıyır. Hazırda sülh prosesi davam etsə də, Ermənistanın bu təxribatları regionda sabitliyə ciddi təhlükə yaradır. Əgər vəziyyət nəzarətdən çıxarsa, lokal insidentlərin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi riski artır. Ona görə də beynəlxalq vasitəçilər bu prosesi yaxından izləməli, bölgədə gərginliyin azaldılması üçün aktiv rol oynamalıdır".