ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq yollarının axtarışı məqsədilə Londonda keçiriləcək danışıqlarda iştirak etməyəcək.
Turkustan.az CNN-ə istinadla xəbər verir ki, buna səbəb Kiyevin Tramp administrasiyasının üç ildir davam edən münaqişəni bitirmək üçün irəli sürdüyü təklifin əsas bəndini rədd edəcəyini açıq şəkildə bildirilməsidir.
Rubionun ukraynalı, britaniyalı və avropalı rəsmilərlə danışıqlarda iştirak etməsi planlaşdırılırdı. Lakin Dövlət Departamentinin mətbuat katibi Temmi Bryusun sözlərinə görə, o, ''logistika səbəblərinə görə'' Londona getməyəcək.
Məlumata görə, onu əvəzən ABŞ-ı danışıqlarda prezident Donald Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi elçisi Kit Kelloq təmsil edəcək. Planla tanış olan mənbənin bildirdiyinə görə, təklif Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Krım üzərində nəzarətin tanınmasını nəzərdə tutur.
''Krım üzərində Rusiyanın nəzarətinin tanınması ABŞ-ın son on ildəki siyasətində kəskin bir dəyişiklik olardı. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyayla danışıqlara açıq olduğunu bildirsə də, Kiyev Moskvanın Krım üzərində nəzarətini tanıyacaq bir razılaşmanı qəbul etməyəcək'', – deyə materialda qeyd olunur.
Zelenski vurğulayıb ki, Ukrayna Krımın işğalını hüquqi olaraq tanımayacaq, çünki bu, Konstitusiyaya ziddir.
Daha əvvəl UNİAN Londonda keçiriləcək danışıqlarda Ukraynanı kimin təmsil edəcəyini açıqlamışdı. Bildirilir ki, Ukrayna nümayəndə heyətinin tərkibinə Prezident Ofisinin rəhbəri Andrey Yermak da daxildir. Bundan başqa, müdafiə naziri Rustem Umerov və xarici işlər naziri Andrey Sibiqa da danışıqlara qatılacaq.
Ağ Ev isə Vitkofun Putinlə yeni görüşünün olacağını təsdiqləyib. Ağ Evin mətbuat katibi Kerolayn Levit vurğulayıb ki, danışıqlar prosesi ''doğru istiqamətdə irəliləyir''. /Qaynarinfo/