İsrail Müdafiə Qüvvələrinin ( İDF ) Livanda keçirdiyi əməliyyat zamanı hərəkatı silahla təmin edən 4400-cü bölmənin komandir müavini, "Hizbullah" üzvü Hüseyn Əli Nəsr öldürülüb.
Turkustan.az xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələri öz "Telegram" kanalında məlumat yayıb .
"Bazar günü səhər saatlarında Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsasən, 4400-cü bölmənin komandir müavini vəzifəsini icra edən terrorçu Hüseyn Əli Nəsrə zərbə endirib", - ordunun bəyanatında deyilir.
Hava hücumunun kəşfiyyat məlumatlarına əsaslandığı bildirilir. İsrail tərəfinin bildirdiyinə görə, Nəsr Livana qeyri-qanuni silah göndərilməsini koordinasiya edib, iranlı əməliyyatçılarla qarşılıqlı əlaqədə olub və Beyrut beynəlxalq hava limanından istifadə edib.
Onun həmçinin Suriya-Livan sərhədində qaçaqmalçılarla əlaqədə olduğu və "Hizbullah"ın hərbi potensialının gücləndirilməsinə yardım etdiyi iddia edilir.
İDF vurğulayıb ki, bu, 4400-cü bölməyə qarşı onun fəaliyyətini dayandırmaq məqsədi daşıyan ilk əməliyyat deyil./publika.az