Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Yəməndəki Ras İsa neft terminalına hücumu zamanı türk şirkətinə məxsus yanacaq daşıyan gəmiyə qəlpələrin düşdüyünü bildirib. Gəmiyə heç bir ziyan dəyməyib və ekipajın vəziyyəti yaxşıdır.
Turkustan.az xəbər verir ki, nazirlikdən alınan məlumata görə, aprelin 17-də axşam saatlarında Yəmənin husilərin nəzarətində olan sahillərindəki Ras İsa neft terminalına ABŞ tərəfindən həyata keçirilən hücumda qəlpə parçaları türk şirkətinə məxsus yanacaq daşıyan gəmiyə dəyib. Hücumdan sonra limanı tərk etmək istəyən gəmiyə limana nəzarət edən qrup icazə verməyib.
Vəziyyəti öyrəndikdən sonra Xarici İşlər Nazirliyi və Türkiyənin Sənadakı səfirliyi lazımi təşəbbüslərə başlayıb. Bildirilib ki, gəmidə olan 26 ekipaj üzvündən 4-ü, o cümlədən kapitan Türkiyə vətəndaşı, digər 22 nəfər isə Hindistan vətəndaşı olub, ekipaj üzvlərinin hamısının vəziyyəti yaxşıdır.
Aytən Yaşar/ Turkustan.az