ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər


Amerika hakimiyyəti Moskva və Kiyev arasında sülh sazişi çərçivəsində Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, bu addım ABŞ Prezidenti Donald Trampın atəşkəsə nail olmaq və Ukraynadakı münaqişəni həll etmək istəyini nümayiş etdirir.

Buna baxmayaraq, Vaşinqton hələlik məsələ ilə bağlı yekun qərar verməyib.

Digər tərəfdən, agentlik yazır ki, cümə axşamı Vaşinqton Avropadakı müttəfiqlərinə Ukraynanın nizamlanmasına dair təkliflər təqdim edib. Onların arasında Rusiyaya qarşı sanksiyaların yumşaldılması və Kiyevin NATO-ya üzvlüyünün müzakirəsinin dayandırılması da var. Bundan əlavə, ABŞ layihəsi müəyyən ərazilərin Rusiyanın nəzarətində qalacağını nəzərdə tutur.

Digər tərəfdən, bu yaxınlarda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşdə “ərazi məsələsini” müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, danışıqların əsas mövzusu bu olub. Amerika liderinin xüsusi nümayəndəsi vurğulayıb ki, Moskva “hamısını yox, bəzi əraziləri ” saxlaya biləcək.

Martın ortalarında isə “Semafor” portalı Tramp administrasiyasının Krımın Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Onun mənbələrinə görə, ABŞ rəhbərliyi BMT-ni də oxşar addım atmağa çağırmaq imkanını müzakirə edir.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib. /Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ