İran və ABŞ arasında gərginliyin pikk həddə çatdığı bir vaxtda tərəflər dolayı formada danışıqlara getməyə razı oldular. Gözlənilən nüvə razılaşması mövzusundakı dolaylı danışıqların ilk raundu Omanda keçirildi.
Həmin görüşdən sonra tərəflər artıq əvvəlki kimi daha sərt açıqlamalar verməməyə başladılar. Hətta ABŞ lideri Donald Tramp da bildirdi ki, İrana güzəştə getməyə hazırdır. Danışıqların ikinci raundu isə 20 aprel tarixinə müəyyənləşdirildi.
Görünür, bu dialoqlar nəticəsində İranla ABŞ münasibətləri yumşala bilər. Lakin 2 ölkə arasındakı münasibətlərin yumşalmasının İsrail tərəfini narahat etdiyi ilə bağlı xəbərlər də yayılmaqda davam edir. Maraqlıdır görəsən, ABŞ İsraillə münasibətləri gözardı edib, İranla münasibətləri yaxşılaşdıracaqmı? Turkustan.az olaraq bu sualımızı siyasi şərhçi Samir Hümbətova ünvanladıq.
Hələ ki, ABŞ- İran münasibətlərinin düzəlməsi ilə bağlı ciddi bir siqnal yoxdur. Düzdür, İranın müəyyən mənada geri addım atacağı ilə bağlı fikirlər səslənir, amma Trampın son bəyanatları, ümumiyyətlə beynəlxalq siyasətdə atdığı son addımlar İranı bir az rahatlamağa doğru gedir. Yəni, Trampın bu gün bir qərar verib, sabah və ya 5 gün sonra fikrini dəyişə biləcəyini düşünürlər. Amma düşünürəm ki, Trampa yəhudi lobbisinin və ümumiyyətlə İsrail dövlətinin ciddi təsir mexanizmi var və bunu getdikcə artıra bilərlər. Qaldı ki, İranın güzəştə getmək məsələsinə və yaxud aralarının düzəlməsi məsələsinə əlbəttə, gec- tez tərəflərdən biri güzşətdə getməlidir və görünür ki, İranı buna məcbur edə bilərlər. Tərəflər arasında münasibətlər düzələrsə, düşünürəm ki, bu 5+1 formatına geridönüş, İranın nüvə yaratmaq potensialının məhdudlaşdırılması, uranın zənginləşdirməsinin yenidən beynəlxaq həddə endirilməsi nəticəsində mümkün ola bilər. Bir də qarşılığında təbii ki, İranın donmuş aktivlərinin geri qaytarılması və bu günki krizdən çıxmaq üçün müəyyən bir yol xəritəsinin hazırlanması da bura aiddir. Əks halda düşünmürəm ki, İranla ABŞ arasında bu qədər isti münasibət yaransın. Çünki geopraktik rejimin mahiyətində də əsas məqsəd qərbə qarşı əks mövqedə durmaq dayanır. Rejimin həyatda saxlanılması üçün də əsas şüar qərbə qarşı nifrət, kinlə qaynaqlanır. Ona görə düşünmürəm ki, rahat bir şəkildə bu iş düzələ bilər.
İsrail düşünür ki, əgər İran- ABŞ münasibətləri düzələrsə, bu zaman İsrailə təhdid davam edə bilər və yaxud İranın yenə də orada proksi qüvvələrinin gücləndirilməsi ehtimalı arta bilər. Açığı ABŞ-ın İsraillə münasibətləri göz ardı edib İranla münasibətləri yaxşılaşdıracağına inanmıram.
Aytən Yaşar/ Turkustan.az