F-16 qırıcıları müasir Rusiya təyyarələri ilə bərabər hava döyüşü apara bilməz.
Turkustan.az xəbər verir ki, bunu ukraynalı hərbi aviasiya üzrə mütəxəssis Valeri Romanenko deyib.
O qeyd edib ki, Ukrayna hazırda hava döyüşlərinin getdiyi bölgələrə uyğun olmayan radarlar və raketlər səbəbindən bunu edə bilmir:
“Təəssüf ki, rusların radarlar və raketlərinin uzaq məsafəsi buna imkan vermir. Rusiya radarı təyyarələri 300 kilometr məsafədə görə bilir, F-16 isə daha kiçik olduğu üçün 100-120 kilometrdir, daha çox deyil. Məsələn, F-16 Su-35 ilə müqayisədə bu təyyarənin demək olar ki, yarısı boydadır”.
Romanenko vurğulayıb ki, F-16-nın radarı Rusiya təyyarələrini 120 km məsafədə aşkar etmək iqtidarındadır və təyyarədə yerləşdirilmiş raketlərin uçuş məsafəsi 100 km-ə qədərdir:
“İndi döyüşlər yaxın məsafələrdə getmir, təyyarələr uzaq məsafədən vurulur”.
Ukraynalı mütəxəssis əlavə edib ki, F-16-lar Rusiyanın zərbələrindən effektli şəkildə müdafiə oluna bilir, amma həmişə deyil, elektron müharibə sistemləri 100 faiz zəmanət vermir:
“Bundan əlavə, ruslar indi məsələn, A-50 təyyarələrindən, yəni uçan radarlardan öz raketlərini idarə etmək üçün istifadə edə bilirlər”.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 12-də bir F-16 qırıcısının pilotu ilə birlikdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulduğunu açıqlamışdı. Bu, Ukraynanın müharibədə sayca ikinci belə itkisidir. Ötən il bir F-16 qəzaya uğramışdı. /teleqraf.az/