İsrailin baş naziri Binyamin Netanyahu Fələstin dövlətini tanıya biləcəklərini açıqlayan Fransa prezidenti Emmanuel Makronu təhqir edən oğlunu müdafiə edib.
Turkustan.az xəbər verir ki, baş nazir Netanyahu X hesabında paylaşdığı paylaşımda oğlu Yair Netanyahunun Makronu təhqir etməsinin "qəbuledilməz" olduğunu, eyni zamanda oğlunun "ölkəsinin gələcəyini düşünən əsl sionist" olduğunu ifadə edib.
"Hər bir vətəndaş kimi, onun da şəxsi fikirlərini ifadə etmək hüququ var, lakin onun prezident Makronun Fələstin dövlətinin yaradılmasına çağıran tvitinə verdiyi cavab mənim üçün qəbuledilməzdir"-deyə, Netanyahu yazısında bildirib.
Fransa prezidenti Makronun Fələstin dövlətini tanıya biləcəkləri ilə bağlı açıqlamasını “yanlış” hesab etdiyini ifadə edən Netanyahu, “Prezident Makron yeganə məqsədi İsraili məhv etmək olan Fələstin dövləti ideyasını ölkəmizin qəlbində dəstəkləməyə davam edərək böyük səhv edir”-deyib.
Baş nazir Netanyahu deyib ki, Fələstin dövlətinin yaradılması “reallıqdan qopmuş bir xəyaldır”.
O, oğlu Yair kimi Fransanın müstəmləkələrinə işarə edərək, "Biz varlığımızı təhlükəyə atmayacağıq və müstəqilliyi heç bir şəkildə Fransanı təhlükə altına salmayan Korsika, Yeni Kaledoniya, Fransız Qvianasına və digər ərazilərə müstəqillik verilməsinə qarşı çıxanların mənəvi təbliğatını qəbul etməyəcəyik"- ifadələrindən istifadə edib.
Bildirək ki, Yair Netanyahu X hesabında Fələstin dövlətini tanıya biləcəklərini açıqlayan Fransa prezidenti Emmanuel Makrona, "Cəhənnəm ol", cavabını vermişdi.
Aytən Yaşar/ Turkustan.az