Xəbər verdiyimiz kimi, bu gün Rusiyaya iki ballistik raketlə Ukraynanın şimalında, sərhədə yaxın yerləşən Sumı şəhərinin mərkəzinə hücum edib.
Turkustan.az-ın məlumatına görə, hücumda ölənlərin sayı 32 nəfərə çatıb, 100-dən çox insan yaralanıb.
Bu, 2025-ci ildə Ukraynada qeydə alınan ən qanlı hücum hesab olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski hadisəni “terror aktı” adlandırıb və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sərt cavab verməyə çağırıb. Onun sözlərinə görə, hücum "Budaqlar günü" baş verib və həlak olanlar arasında kilsəyə gedən mülki şəxslər də olub.
Qeyd edək ki, "Budaqlar günü" bayramı 12 ilahi bayramdan biridir və Pasxadan əvvəlki bazar günü qeyd olunur.
“Ancaq alçaqlar bu cür hərəkət edə bilər,” – deyə Zelenski bildirib.
Ukrayna rəsmilərinin sözlərinə görə, raketlər kasetli döyüş başlıqları ilə təchiz olunub. Prezidentin aparat rəhbəri Andriy Yermak Rusiyanın mümkün qədər çox insanı öldürməyə çalışdığını deyib.
Daxili işlər naziri İqor Klimenko bildirib ki, ölənlər və yaralananlar hadisə zamanı küçədə, avtomobillərdə və ictimai nəqliyyatda olublar. O, bu hadisəni “kilsə bayramı günü mülki əhalinin qəsdən məhv edilməsi” kimi qiymətləndirib.
Hücumdan az öncə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə sülh danışıqları məqsədilə görüş keçirib. Bu səbəbdən bəzi ukraynalı rəsmilər hücumun diplomatik səylərlə paralel aparıldığını vurğulayıb.
Ukrayna Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumatları beynəlxalq təşkilatlarla bölüşdüyünü açıqlayıb. Beynəlxalq Cinayət Məhkəməsi isə müharibə cinayətləri ilə bağlı istintaqlar aparır.
Zelenski ABŞ və Avropanı Rusiyaya qarşı qəti mövqe nümayiş etdirməyə çağırıb: “Təzyiq olmadan sülh mümkün deyil. Danışıqlar heç vaxt raketləri və bombaları dayandırmayıb.”
ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Rusiyanın Sumı şəhərinə raket hücumunu kəskin tənqid edib. O, sosial şəbəkədə paylaşdığı açıqlamada bu hücumu “əxlaq normalarını aşan” bir addım adlandırıb.
Kelloq bildirib ki, ballistik raketlərlə hücumlar tamamilə yolverilməzdir və bu səbəbdən ABŞ Prezidenti Donald Tramp müharibəni tez bir zamanda bitirmək üçün ciddi səylər göstərir. “Məhz buna görə Prezident Tramp bu müharibəyə son qoymaq üçün bu qədər ciddi işləyir,” – deyə o vurğulayıb.
Hadisəyə Moskvanın rəsmi münasibəti hələlik açıqlanmayıb. /Modern.az/