800 minlik ordu məğlub olur – Türkiyə qoşunları meydana çağırılır


ABŞ-ın nüfuzlu “The National Interest” nəşri Türkiyənin NATO və Avropa İttifaqını (Aİ) daha da gücləndirdiyini yazıb. Nəşrdə vurğulanır ki, Rusiya–Ukrayna müharibəsində Türkiyənin tutduğu mövqe strateji baxımdan böyük əhəmiyyət daşıyır. Bildirilir ki, hərbi gücü nəzərə alınaraq Türkiyənin Aİ-yə üzv qəbul edilməsi zəruridir.

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Donald Trampın siyasəti Avropanı ağır duruma salıb:

“ABŞ-ın təhlükəsizlik çətirini itirmək üzrə olan Avropa artıq öz potensial imkanlarını obyektiv qiymətləndirməyə başlayıb. Anlayır ki, Avropanın elə də böyük gücü yoxdur. Xüsusilə də əsgərlərin sayı baxımından Avropa ölkələri Ukraynadan qat-qat zəifdir. Ukrayna ordusunun 800 min əsgəri varsa, Avropa ölkələri arasında ən çox 300 min hərbçisi olan dövlətlər var. Rusiya təhlükəsi də realdır. Bu səbəbdən Türkiyənin dəyərini bilməyə başlayıblar. Türkiyə quru qoşunları dünyanın ən güclü hərbi birliklərindən sayılır. NATO-da ikinci yerdə dayanır. Bu baxımdan Türkiyənin Aİ-yə üzvlük məsələsi gündəmə gəlib”.

Abutalib semedov 121 900x604 1

A.Səmədovun sözlərinə görə, yaxın 15-20 il ərzində rəsmi Ankaranın Aİ-yə üzvlüyü mümkün deyil:

“Birincisi, Türkiyə Aİ Komissiyasının strukturunda namizəd ölkələr sırasından çıxarılıb. Afrika və Ərəb ölkələri ilə bir quruma salınıb. Bu, Avropa İttifaqının Türkiyəyə münasibətini açıq şəkildə göstərir. Çünki bir vaxtlar Türkiyə Balkan ölkələri ilə eyni qurumda idi və namizəd ölkələr hesab olunurdular.
İkincisi, Türkiyədə baş verən proseslər Aİ-ni qane etmir. Avropa rəsmi Ankaranın sürətlə demokratiyadan uzaqlaşdığını hesab edir. Artıq müzakirələr də dayandırılıb. Rusiya qorxusu qarşısında Avropanın Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışması, onun Aİ-yə üzvlüyünü qəbul etməyə çalışması dünya ölkələri tərəfindən anlaşılmayacaq. Açıq demək lazımdır ki, heç Aİ bu addımı atmağa cəsarət göstərməyəcək. Türkiyə əhalisinin sürətlə artması, Avropa standartlarına cavab verməyən məqamların olması və s. Türkiyənin Aİ-yə qəbulunu xeyli çətinləşdirib”.


MANŞET XƏBƏRLƏRİ