Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində irəliləyiş yoxdur.
Turkustan.az xəbər verir ki, bu barədə “Verelq” məlumat yayıb.
“Rəsmi fəaliyyət və diplomatik təmaslara baxmayaraq, normallaşma prosesi simvolik jestlər mərhələsində qalır, xüsusən də sərhədlərin açılması məsələsində irəliləyiş yoxdur. Hələlik Ermənistan və Türkiyə normallaşmadan danışsa da, bəyanatlardan hərəkətə keçməyə cəsarət etmir. Mövcud dinamikanı nəzərə alaraq, yaxın gələcəkdə ciddi irəliləyişlər olmadan məhdud təmaslar gözləmək olar”, - erməni nəşri qeyd edib.
Mənbə bildirir ki, Türkiyə Ermənistanla müzakirələr apararkən Azərbaycanın şərt və maraqlarını da nəzərə alır:
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin özəlliyi ondadır ki, Ankara birbaşa Bakı ilə bütün addımların razılaşdırıldığını bəyan edir”.
Dünən Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş keçirilib. Ermənistan nümayəndəsinin sözlərinə görə, görüş müsbət atmosferdə keçib. Onun türk həmkarı isə bəyan edib ki, hazırda sərhədlərin açılması ilə bağlı heç bir irəliləyiş yoxdur.
“Verelq” vurğulayır ki, normallaşma prosesində mümkün simvolik addımlardan biri iki sərhəddəki “Ani” körpüsünün bərpası məsələsinin müzakirəsi olub: “Bu, qarşılıqlı əlaqə yaratmaq cəhdi kimi qiymətləndirilə bilər, amma bu layihənin praktiki icrası sual altındadır.
(Bakının tələbi ilə) Ermənistan konstitusiyasına mümkün dəyişikliklər mühüm müzakirə mövzusu olaraq qalır. Türkiyənin belə şərtlər irəli sürüb-sürməməsinə yönəlik sualı cavablandıran Kılıç söyləyib ki, Nikol Paşinyanın bu məsələ ilə bağlı açıqlamalar verib və bu kontekstdə dəyişikliklər edilə bilər”.
Mənbə vurğulayır ki, Kılıçın açıqlaması ərazi iddialarını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsi Ankaranın İrəvana gizli tələblərindən biri olduğunu ortaya qoyur./teleqraf