Aİ bu tarixdə ABŞ-a sərt cavab verəcək


Aİ aprelin 9-da ABŞ-ın tariflərinə cavab tədbirləri təsdiq edəcək və ilk paketi aprelin 15-də, qalanları isə mayın 15-də təqdim edəcək.

Turkustan.az xəbər verir ki, bunu ticarət üzrə Avropa komissarı Maroş Şefçoviç Aİ nazirlərinin Lüksemburqda keçirilən qeyri-rəsmi ticarət görüşündən sonra bildirib.

O, Avropa Komissiyasının “danışıqlar yolu ilə həlli hədəflədiyini, lakin sonsuza qədər gözləmək niyyətində olmadığını” vurğulayıb. Şefçoviç “hadisələri qabaqcadan qiymətləndirmək” istəməyərək hansı malların rüsumlara cəlb ediləcəyini açıqlamayıb.

Bununla belə, Lüksemburqda keçirilən görüşdən sonra Avropa Komissiyasının köhnə “dondurulmuş” siyahını əsas götürdüyü barədə məlumat verən İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani müəyyən aydınlıq gətirdi. Əslində söhbət ABŞ prezidenti Donald Trampın birinci administrasiyası ilə Jan-Klod Yunkerin Avropa Komissiyası arasında 2018-ci ildə Aİ-ABŞ ticarət müharibəsində malların siyahısından gedir. Sonra tariflər tez bir zamanda donduruldu, lakin siyahı qaldı.

Buraya ət, taxıl, şərab, taxta, geyim, o cümlədən cins şalvar, motosiklet, həmçinin tozsoran, saqqız, diş ipi, tualet kağızı və brilyant daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ