UNİCEF: Qəzzada qida çatışmazlığına görə uşaqların həyatı risk altındadır


Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondundan (UNICEF) edilən yazılı açıqlamada, 18 martdan bəri Qəzzada qida çatışmazlığı müalicəsi verən mərkəzlərin yüzdə 15-nin İsrail ordusunun təxliyyə əmri və ya bombardman səbəbiylə bağlandığı qeyd edilib.

Turkustan.az xəbər verir ki, bildirilib ki, blokada və sözügedən mərkəzlərin bağlanması səbəbindən bu mərkəzlərdə yaşayan 350 uşağın həyatı ciddi risk altındadır.

Qəzzanın mərkəzi və cənubunda körpələr üçün əlavə qidalar tükənib, bir ay ərzində 400 uşaq üçün kifayət qədər hazır uşaq qidası qalıb.

Açıqlamada, İsrailin 2 Martdan bu yana Qəzzaya yardımların girməsinə icazə vermədiyi xatırladılıb və müharibənin başlanmasından bəri bu ən uzun yardım kəsilməsinin qida, təmiz su, dərman və sığınacaq qıtlığına səbəb olduğu vurğulanıb.

Bildirilib ki, həyat üçün lazım olan materiallar olmasa, qida çatışmazlığı və xəstəliklər daha da pisləşə bilər, bu da uşaq ölümlərinin artmasına səbəb ola bilər.

“Əgər yaxın həftələrdə Qəzza zolağında yanacaq qurtararsa, bir milyon insanın dörd litrdən aşağı içməli suya çıxışı ola bilər ki, bu da ailələri təhlükəli sudan istifadə etməyə məcbur edəcək və xüsusilə də uşaqlar arasında epidemiya riskini artıracaq”, - deyə xəbərdarlıq edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ