Son günlər yenə ABŞ prezidenti Donald Tramp yenə "çatana yetir, çatmayana daş atır". Volodimir Zelenski ilə arasında "soyuq yellər" əsməyə başlayıb. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə resurs müqaviləsindən imtina etməyə hazırlaşır.
Bunu Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib. Həmçinin hədə-qorxu da gəlib ki, əgər Zelenski nadir torpaq mineralları ilə bağlı razılaşmadan geri çəkilsə, böyük problemlərlə üzləşəcək.
Daha sonra isə açıqlama yayıldı ki, Rusiya ABŞ-la nadir torpaq mineralları ilə bağlı saziş imzalamağa hazırdır. Bu da ABŞ-Rusiya yaxınlaşmasına gətirib çıxara bilər.
Digər tərəfdən isə ABŞ ilə İran arasında vəziyyət getdikcə pisləşir. İran da açıqlamasında bildirib ki, bizi məcbur edirsiz ki, nüvə istehsal edək, müharibəyə başlayaq.
Maraqlıdır görəsən, Tramp Putinlə torpaq sövdələşməsi edərsə, Zelenskini nə gözləyir? Digər tərəfdən İran və ABŞ atışmasının sonu necə olacaq? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Oqtay Qasımova ünvanladıq.
İran ilə Amerika arasında münasibətlər hazırda kifayət qədər gərgindir. Bu gərginlik Tramp hakimiyyətə növbəti dəfə qayıdandan sonra daha da artıb. Bunun da əsas səbəbi Trampın İrana qarşı tutduğu sərt mövqedir. Bir müddət öncə Tramp İran liderinə məktub göndərərək İranı bir başa danışıqlara dəvət edib və etdiyi təkliflərə 2 ay ərzində cavab gözlədiyini bildirib. Bu onu göstərir ki, Trampın İranla bağlı siyasətinin sərtləşməsi ilə onun İranla bağlı hansısa planlarının həyata keçməsi kifayət qədər realdır. İran tərəfindən bu məktuba cavab özünü çox gözlətmədi və İran tərəfinin mövqeyi ondan ibarətdir ki, Amerika ilə İran arasında birbaşa deyil, dolayısı danışıqlar davam etdirilsin. İran Amerikadan tələb edir ki, təzyiqlərdən əl çəksin. Bununla yanaşı İran hərbi rəhbərliyi bəyan edib ki, İrana yaxın ərazilərdə və Hind okeanında, o cümlədən körfəzdə olan Amerika qüvvələrinə və bazalarına zərbə endirmək imkanına malikdir. Əgər Amerika tərəfindən hansısa addımlar atılacaqsa, İran buna sərt şəkildə cavab verəcək və Amerika hərbiçilərinin yerləşdiyi bazaların hansı dövlətə aid olmasından asılı olmayaraq hədəf alacaq. Bu o deməkdir ki, biz bundan sonra Amerika ilə İran arasında həm ritorikanın, həm gərginliyin kəskinləşəcəyini gözləməkdəyik. Gedişat onu göstərir ki, tərəflər mövqelərində müəyyən irəliləyişlər etməsələr, yaxın aylar ərzində biz Amerikanın İrana qarşı hansısa bir addımını müşahidə edə bilərik. İranın buna qarşılığı necə olacaq bunu da indidən söyləmək çətindir.
Amerika-Rusiya arasında aparılan danışıqlar və bu danışıqlarda əldə olunan nəticələr Rusiya-ABŞ yaxınlaşmasının sürətlə baş verəcəyini deməyə tam şəkildə əsas vermir. Bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiya bu danışıqlarda müəyyən şərtlər irəli sürərək prosesi uzadaraq vaxt qazanmağa çalışır və bu da gözlənilən idi. Amerika tərəfi isə bu məsələlərdə sülhə nail olmağa çalışsa da hələlik bunu bacarmayıb. O ki, qaldı tərəflər arasında Ukrayna məsələsi ilə bağlı tam razılaşma olmasa da müəyyən yaxınlaşma hiss olunur.
Xüsusi ilə də Rusiya tərəfi Amerikanın bir çox məsələlərdə həssas olduğunu bildiyi üçün Amerikaya vaz keçilməz təkliflər verir. Bu təkliflər sırasında Rusiyanın hazırda işğalı altında olan Ukrayna torpaqlarına aid nadir mineral elementlər də daxildir. Buna görə də onların arasındakı münasibətlərdə yaxınlaşma ola bilər. Tramp Ukraynanın zərərinə bu atəşkəsə nail olmaq istəyir. O, hakimiyyətə gələndən Ukrayna qarşısında ciddi, qəbul edilməsi çətin şərtlər qoyub. Yəni, Amerika Ukraynaya etdiyi yardımlardan qat-qat ağır vəsait tələb edir. Əgər Ukrayna ABŞ-ın təklifini qəbul edərsə, o öz təhlükəsizliyinə təminat almadan və müəyyən uğurlar əldə etmədən Amerikadan asılı vəziyyətə düşəcək. Bu da Ukrayna tərəfindən qəbul edilməz vəziyyətdir. Çünki Tramp Ukraynanı şantaj edir. Nəzərə almaq lazımdır ki, Trampın özünün də siyasətində qeyri-müəyyənliklər çoxdur.
Aytən Yaşar/ Turkustan.az