Ankara əleyhinə gərginlik artır: Qlobal güclərin yeni ssenarisi


Hazırda Türkiyə daxilindəki qarışıqlıqla yanaşı, onun ətrafında gedən proseslər də diqqət çəkir. Son olaraq bir neçə gün öncə Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) təhsil qurumlarından birinin nümayəndəsinin rəhbərliyi ilə Türkiyə səfirliyi qarşısında hicablı şagirdlərlə bağlı aksiya keçirilib və səfirə vətəninə qayıtması üçün çağırış edilib.

Artıq KKTC-nin əksər hissəsinin Ankaraya münasibətlərinin mənfi olmasına çalışdığı deyilir. Bunların fonunda Yunanıstanda müstəqillik günündə əsgərlərin Türkiyə ilə bağlı mənfi şüarlarından sonra başqa hərbi birliklərdə də eyni fikirlərin səsləndirildiyi ortaya çıxıb.

Afinada da Ankaraya qarşı qərəzli münasibətin alovlandığına dair iddialar var. Lakin mövcud vəziyyətdə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun Türkiyədəki aksiyalarla bağlı jurnalistin sualına cavabı diqqət çəkib. O, Türkiyə Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və etirazlarla bağlı suala, -“Türkiyədən yaxşı xəbərlər gəlir” – cavabını verib.

Ankara ilə bağlı qlobal müstəvidə nələr baş verir? Beynəlxalq güclərin irəliləyən proseslərdə nə kimi planı var? Şimali Kiprdə tarix təkrarlana, yaxud Afina ilə Ankara arasında hər hansı gərginlik ola bilərmi?

Politoloq Natiq Miri Globalinfo.az-a açıqlamasında bildirib ki, hazırda Qərb dünyası, xüsusilə də Avropa İttifaqının bəzi dövlətləri – Almaniya, Fransa və Yunanıstan üçün əsas problem güclənən, müstəqil Türkiyə dövlətidir:

“Ona görə də Türkiyəni yenidən daxili problemləri ilə məşğul olmağa vadar etmək istəyirlər. Çünki üfüqdə terrorsuz Türkiyə layihəsinin müsbət nəticə ilə tamamlanması gözlənilir. Bu, çox yaxındır. Türkiyənin başına hörülən PKK adlı bəlanın yox olması rəsmi Ankaranın əl-qolunu tamamilə açacaq. Bu isə Türkiyənin daxili sabitliyə nail olub, daha da güclənməsi ilə nəticələnəcək. Məhz bundan qorxurlar.

Natiq Miri 143543

Bu terrorçu ünsürlər uzun müddət SSRİ, Rusiya, ABŞ və Avropanın aparıcı dövlətləri – Almaniya, Fransa və Niderland tərəfindən dəstəklənib. Bu gün isə vəziyyət dəyişməyib. Türkiyəni tərk edən PKK terror təşkilatına böyük maliyyə dəstəyi verən şəxslərin əksəriyyəti həmin ölkələrdə məskunlaşıb. Zaman-zaman Skandinaviya ölkələrində də təşkilatlanaraq anti-Türkiyə fəaliyyəti ilə məşğul olublar.

Şimali Kiprdə də müəyyən təxribatlar törədilir. Beləliklə, Türkiyə və Şimali Kipr ictimaiyyəti arasında uçurum yaratmaq istəyirlər. Lakin bu addımların heç bir perspektivi yoxdur”.

Politoloqun sözlərinə görə, güclənən Türkiyə qarşısında bunlar son cəhdlərdir:

“Afinada özünü bilməyən bir neçə kursantın Türkiyə əleyhinə şüarlar səsləndirməsi düşmənçiliyi ifadə etməkdən başqa heç nəyə xidmət etmir. Türkiyə daxilində baş verən etirazlar da eyni məqsədə xidmət edir. Onların heç bir siyasi və hüquqi nəticəsi olmayacaq, bu fəaliyyətlər korrupsioner şəxsləri həbsdən qurtarmayacaq. Əgər cinayət varsa, onun cəzası da olmalıdır. Hazırda baş verən etirazlar getdikcə səngiyəcək.

Avropa İttifaqı bu gün tarixinin ən zəif dövrlərindən birini yaşayır və normal siyasi qərarlar qəbul edəcək durumda deyil. Xristian dünyası isə bu gün Türkiyəyə möhtac vəziyyətdədir”.


MANŞET XƏBƏRLƏRİ