Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransada sağçı siyasətçi Marin Le Penə qarşı çıxarılan məhkəmə hökmünü “sürətlə bişirilmiş siyasi qərar” adlandıraraq sərt tənqid edib.
Turkustan.az xəbər verir ki, o, bu hadisənin əsas məqsədinin 2027-ci il prezident seçkiləri ərəfəsində Fransa siyasətində aparıcı fiqurlardan birini zərərsizləşdirmək olduğunu bildirib.
Medvedev “Telegram”da yazdığı bəyanatında belə deyib:
“Bu tez-tələsik çıxarılmış hökmün əsas mənası — Fransanın ən böyük partiyalarından birinin liderini siyasi yarışdan kənarlaşdırmaqdır. Beşinci Fransa Respublikası bu addımı ilə siyasi əxlaqını tam itirdi”.
O, ironiya ilə bildirib ki, fransız xalqı artıq Altıncı Respublika haqqında düşünməlidir:
“Görünür, bu ölkənin xalqı Altıncı Respublikanın yaradılması barədə düşünməlidir (mən heç nəyə işarə etmirəm)”.
Medvedev həmçinin Fransanın 1814-cü ildə rus ordusu tərəfindən işğal edilməsini yada salaraq, bunu “demokratiyanın gətirilməsi” kimi təqdim edib:
“Əgər bu da alınmasa, o zaman böyük bir tarixi hadisəni xatırlamaq olar – 1814-cü ilin 31 martı. Həmin gün çar I Aleksandrın ordusu Parisə daxil oldu və Napoleonun tiranlığından əziyyət çəkən xalqa azadlıq gətirdi. Çar Rusiyası demokratiyanı süngülərlə Fransa torpağına gətirmişdi. Əla təcrübə!”
Dmitri Medvedev sarkazmla əlavə edib:
“Sadəcə sual budur – görəsən, bizim kazaklar Marin Le Peni gözləməyə macal tapacaqlarmı?”
Musavat.com-un arayışı: Fransa məhkəməsi son günlərdə sağçı “Milli Ralli” partiyasının lideri Marin Le Penin Rusiya ilə əlaqəli maliyyə məsələləri üzrə araşdırmalarla bağlı hökm çıxarıb. Bu, Fransada qarşıdan gələn prezident seçkiləri öncəsi sağçı elektorat arasında ciddi rezonans doğurub. Lö Pen tərəfdarları qərarı “siyasi sifariş” kimi qiymətləndirir.
Medvedevin bu sərt və ironik bəyanatı isə Fransaya yönəlik təkcə tənqid deyil, eyni zamanda Avropada anti-Rusiya siyasəti aparan liderlərə açıq mesaj kimi də dəyərləndirilir. /Musavat.com/