Rusiya ordusunun komandanlığı 2022-ci ilin payızında Ukraynaya qarşı taktiki nüvə zərbəsi endirmək imkanını nəzərdən keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazıb.
Məlumata görə, Rusiya ordusu Xarkov vilayətindən və daha sonra Xersondan geri çəkilməyə məcbur olduqdan sonra bu variant gündəmə gəlib. O zaman Ukraynada Rusiya qoşunlarına komandanlıq edən general Sergey Surovikin belə bir zərbənin mümkünlüyündən danışıb. ABŞ kəşfiyyatının məlumatına əsasən, Surovikin Ukrayna ordusunun Dnepr çayını keçərək Krıma hücumunun qarşısını almaq üçün nüvə silahından istifadə etməyi düşünürdü.
Bu danışıqların ələ keçirilməsindən sonra ABŞ kəşfiyyatı Ukrayna münaqişəsində nüvə eskalasiyası riskini yüksək dəyərləndirib. Xüsusilə Rusiya cəbhəsinin Ukraynanın cənubunda tamamilə dağılması ehtimalı belə bir ssenarini daha real edib.
“Financial Times” nəşrinin yazdığına görə, ABŞ Rusiya və Çin arasında diplomatik kanallardan istifadə edərək Moskvanın nüvə silahından istifadə etməsinin qarşısını almağa çalışıb. Mənbələrin məlumatına əsasən, Çin prezidenti Si Cinpin 2023-cü ilin martında Moskvada Vladimir Putinə şəxsən xəbərdarlıq edib. O, bildirib ki, əgər Rusiya nüvə silahına əl atarsa, bu, Moskva ilə Pekin arasındakı münasibətlərə ciddi zərər verəcək. Xüsusilə Çin, Rusiya neftinin ən böyük alıcısı və ölkəyə istehlak mallarının əsas tədarükçüsü olduğu üçün bu xəbərdarlığın ciddi təsiri ola bilərdi.
Polşanın xarici işlər naziri Radoslav Sikorski isə ötən ilin mayında bəyan edib ki, ABŞ Rusiyaya nüvə silahından istifadə edəcəyi təqdirdə ciddi cavab verəcəyini açıq şəkildə bildirib. Sikorskinin sözlərinə görə, amerikalılar Rusiyaya açıq mesaj göndəriblər: “Əgər siz nüvə bombasından istifadə etsəniz, heç kim həlak olmasa belə, biz Ukraynadakı bütün Rusiya hədəflərini adi silahlarla vuracaq və hamısını məhv edəcəyik”. /Yeniavaz.com/