İlon Mask milyon dollarlıq çeklər paylayır


Milyarder iş adamı İlon Mask, Viskonsin ştatında Ali Məhkəmə üzvlüyü seçkilərində mühafizəkar namizədin qalib gəlməsi üçün ciddi səylər göstərir.

Turkustan.az xəbər verir ki, Mask seçkilərdə mühafizəkar namizəd Bred Şimelin qalib gəlməsi üçün 1 milyon dollarlıq çeklər paylamağa başlayıb.

Mask liberal namizəd Sudan Kroufordun öndə olduğu seçkilərdə Şimelin Ali Məhkəmə üzvü ola bilməsi üçün Green Bay şəhərində keçirilən mitinqdə mühafizəkar namizədə dəstək verən iki seçicinin hər birinə 1 milyon dollarlıq çek təqdim edib.

O, eyni zamanda, Şimelə səs verən hər kəsə 20 dollar verməyə söz verib. Bu seçki artıq ABŞ tarixində ən yüksək maliyyətli Ali Məhkəmə üzvlüyü seçkisi kimi qeydə alınıb.

Mask seçki ilə bağlı ictimaiyyəti maarifləndirmək üçün pul xərclədiyini bildirib:

“Bilirik ki, bu çeklərin əsas məqsədi diqqət çəkməkdir. Çünki media bunu mütləq xəbər edəcək. Seçkiləri uduzmaq riski altındayıq. Möcüzə yaratmalı, gözlənilməz bir addım atmalıyıq”.

Ştatdakı seçki qaydalarının formalaşdırılmasında Ali Məhkəmənin əsas rol oynayacağı vurğulanır.

İlon Mask məhkəmə qərarı ilə seçki qaydaları və dairələrinin dəyişdirilə biləcəyini xüsusi qeyd edib.

O, həmçinin Respublikaçıların Nümayəndələr Palatası seçkilərinə təsir edilə biləcəyini bildirib.

Maskın indiyə qədər mühafizəkar namizədin seçilməsinə dəstək üçün 17,5 milyon dollar xərclədiyi bildirilib.

O, ötən il də Donald Trampın prezident seçilməsi üçün 250 milyon dollar xərcləmişdi.

Seçkidən sonra Tramp, Maskı "hökumət səmərəliliyi departamentinin" rəhbəri təyin etmişdi.

Mask hökumətin xərclərini azaltmaq üçün bir çox quruma müdaxilə edərək dövlət işçilərinin ixtisarına nail olub. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ