Ukrayna prezidenti Volodimir Zelenski 2024-cü il üçün gəlir və xərclər bəyannaməsini dərc edib.
Turkustan.az xəbər verir ki, bəyannamə Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib.
Bəyannaməyə əsasən, Zelenski və onun ailə üzvlərinin 2024-cü ildə gəlirləri 15 milyon 286 min 193 qrivna təşkil edib.
“Zelenski ailəsinin 2024-cü ildəki gəliri dövlət başçısının maaşı, bank faizləri və öz daşınmaz əmlakının icarəsindən əldə olunan gəlirdən ibarət olub”, - deyə hesabatda bildirilir.
Ukrayna mətbuatı bildirir ki, Zelenski ailəsinin gəlirlərinin 2023-cü illə müqayisədə artması kirayə haqqının tam məbləğinin bərpası ilə bağlıdır.
“Dövlət başçısının ailəsinin qalan vəsaiti 2024-cü ilin sonunda ciddi dəyişməyib. Keçən il Ukrayna prezidentinin ailəsinin aktivlərində, daşınmaz əmlakında və ya nəqliyyat vasitələrində başqa əhəmiyyətli dəyişikliklər baş verməyib”, - deyə Ukrayna prezidentinin internet səhifəsində qeyd edilib. /Modern.az/
/